BMW 8-Seriya - qayıdış

19 illik fasilədən sonra BMW şirkəti 8-Seriya kupesini yenidən öz model çeşidinə daxil edib. Əslində, G15 zavoddaxili kod adı ilə işarələnmiş yeni 8-Seriya sələfi olan 6-Seriya kupesindən bir qədər yığcam alınıb.

BMW 8-Seriya kupesinin qabarit uzunluğu 4843 millimetr, eni - 1902 millimetr, hündürlüyü - 1341 millimetr, təkər bazasının uzunluğu isə 2822 millimetr təşkil edir. Bu, yeni kupenin əvəz etdiyi 6-Seriyadan 51 millimetr qısa, 8 millimetr enli, 28 millimetr alçaq olduğundan xəbər verir. Təkər bazası da 33 millimetr qısalıbdır. Avtomobilin eksteryerində ən çox nəzərə çarpan elementlər yeni formalı radiator barmaqlığı və nazik formalı işıq texnikasıdır.

Bu üslub bavariya markasının yeni dizayn üslubunun nümayişidir desək, yanılmarıq. Yeni kupenin kuzovunda müxtəlif materiallardan istifadə olunub: məsələn, dam, qapı, kapot və ön çəpər alüminiumdan, ön panelin altındakı köndələn dayaq maqnezium ərintisindən,  mərkəzi tonnel isə karbonplastikdən hazırlanıbdır. Bütün bunlara baxmayaraq, yeni 8-Seriya əvvəlki 6-Seriyadan 35 kiloqram ağır alınıb. Onun minimal çəkisi 1830 kiloqram təşkil edir.

Əlavə ödənişlə nəinki karbondan hazırlanmış damı, hətta Carbon package dəstini  də sifariş etmək mümkündür. Bu dəstin tərkibinə karbondan hazırlanmış ön hava girişləri, güzgü gövdələri, arxa spoyler və diffuzor daxildir. Əlbəttə ki, M Sport aerodinamik kuzov dəsti də yaddan çıxmayıb. 

Kupe CLAR modul platformasında inşa edilibdir. Onun platforması bayraqdar BMW 7-Seriya ilə deyil, əksinə BMW 5-Seriya modeli ilə unifikasiya edilibdir.

Bu, kupenin öndə ikiqollu, arxada isə çoxqollu asqı ilə təchiz edildiyindən xəbər verir. 8-Seriya standart olaraq yaylı asqı, adaptiv amortizatorlar və 2,5 dərəcə dönmə qabiliyyətinə malik olan arxa təkərlər ilə təchiz edilir.

72 km/saat həddinə qədər arxa təkərlər ön təkərlərin əksinə dönərək dönmə radiusunu azaldır, daha yüksək sürətlərdə isə onlar eyni istiqamətdə dönərək döngələrdəki stabilliyi təmin edir.  Sport və Sport+ rejimlərində bu hədd 88 km/saata qədər yüksəldilir.

Yeni BMW 8-Seriya iki modifikasiyada təklif edilir. Hər iki modifikasiya tam çəkişlidir: avtomobillər ön oxu qoşan çoxdiskli muftaya malik olan tam çəkiş sistemi və güc diapazonu 7,07-dən 8,59 artırılmış, təkmilləşdirilmiş səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilirlər. Baza modifikasiyası sayılan BMW 840d xDrive kupesi sıralı altı silindrli 3,0-litrlik turbodizellə təchiz edilir. Güc aqreqatı 320 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edir. Dizel kupe 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir.

Top modifikasiya sayılan BMW M850i xDrive isə yeni 4,4-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Bu aqreqat N63 mühərrikinin əsaslı şəkildə təkmilləşdirilmiş variantıdır. İki turbokompressor əvvəlki kimi blok aralığında yerləşdirilib. Lakin, aqreqat yeni porşenlərə, sürgü qoluna, dirsəkli vala, alışdırma sisteminə, blok başlığına və digər elementlərə sahib olub. Soyutma sistemi yaxşılaşdırılıb, birbaşa çiləmənin təzyiqi 220-dən 350 bara artırılıbdır.

Dirsəkli qolun titrəyişlərinin qarşısının alınması üçün friksion dempferindən istifadə edilibdir. Nəticədə güc aqreqatı 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. Benzin mühərrikli kupe 100 km/saatı 3,7 saniyəyə toplayır.  

BMW M850i xDrive standart olaraq elektronika tərəfindən idarələnən arxa differensialın qapanması ilə təchiz edilir. Opsiyalar arasında elektrik aktuatorları olan aktiv köndələn dayanıqlılıq stabilizatorları da mövcuddur. Bütün modifikasiyalar öndə dörd porşenli, arxada isə bir porşenli əyləc mexanizmləri ilə təchiz edilirlər.

Yeri məlmişkən, BMW M850i xDrive modifikasiyası isə dizel variantı ilə müqayisədə daha iri əyləc disklərinə sahib olub. Arxa təkərlər ənənəvi olaraq öndəkilərdən enlidir. Dizel modifkasiyası üçün 18,19 və 20-düymlük təkər disklərini sifariş etmək olar, BMW M850i xDrive modifikasiyası isə standart olaraq 20-düymlük disklərlə təchiz edilir.

BMW 8-Seriya modelinin interyeri, bir müddən bundan öncə debüt etmiş X5 krossoverində müşahidə etdiyimiz üslubda dizayna malikdir. Burada 12,3-düymlük virtual cihazlar panelini və 10,25-düymlük ekranı olan iDrive 7.0 multimedia sistemini görmək olar.

Multimedia sisteminin proqram təminatına Microsoft Office 365 və Skype proqram paketi də əlavə edilibdir.  Digər BMW modelləri ilə müqayisədə havalandırma sisteminin deflektorlarının dizaynı dəyişdirilib, klimat-kontrolun kiçik displeyləri isə mərkəzi deflektorların arasında yerləşdirilibdir.

Sükan çarxı yeni dizayna malik olub, işıqlandırma sisteminin düymələri bir blokda cəmlənibdir. Mərkəzi konsolda düymələr və selektor bloku, mühərrikin işə salınması düyməsi yerləşdirilibdir.

Arxa oturacaqlar standart olaraq qatlanma funksiyası ilə təchiz edilibdirlər. Kupenin baqaj həcmi 420 litr təşkil edir.

Opsiyalar arasında 600 metrə qədər işıqlandırmanı təmin edən uzaq lazer işıqları, gecə görüntü və dairəvi görüntü sistemlərii, havalandırmalı multikonturlu oturacaqlar və digər maraqlı avadanlıqalr mövcuddur. Elektriklə tənzimlənən oturacaqlar və sükan qolu baza təchizatına daxildir.

Yeni BMW 8-Seriya modeli satışa bu ilin noyabrında çıxacaqdır. Bir müddət sonra kupenin ekstremal M8 modifikasiyası, kabriolet və dördqapılı Gran Coupe versiyaları işıq üzü görəcəkdir. 

ДРУГИЕ СТАТЬИ