Kişi maşını

Mitsubishi Pajero Sport üçüncü nəslinin testini «həm ziyarət, həm ticarət» prinsipini rəhbər tutaraq həyata keçirdim. Yəni, həm Qəbələdə baş tutan Qafqaz Motor Show avtomobil sərgisinə yollandım, həm də avtomobili səfərdə test etdim. Son illərdə özünə hörmət edən hər bir avtomobil istehsalçısının model xəttində SUV avtomobillərinin olması artıq şərtddir. Hətta Bentley, Rolls-Royce, Jaguar, Lamborghini kimi lyuks, premium və idman avtomobil istehsalçıları da krossoverlər təklif edirlər. Lakin, xarici görünüşü ofrouderləri xatırlatsalarda, bu avtomobillər yalnız şəhərdə və şəhərlərarası şosselərdə istifadə üçün yaradlılır.

İlk rama tipli kuzovdan imtina edən BMW şirkəti olub. 1999-cu ildə təqdim edilən BMW X5 modeli öz idarəetmə xaraketiristikaları ilə o zaman hər kəsi heyran etmişdi. Hətta, onların şüarlarından biri “Yolsuzluqda sürməyin nə mənası var, axı orada səni heç kim görmür” idi. Beləliklə də offrouderlər yavaş-yavaş krossoverlərə çevrilməyə başladılar.

Yeni dəb istehsalçıları ofrouderlərini şəhər yollarına uyğunlaşdırmağa məcbur etdi. Ramaya malik olan avtomobillər yavaş-yavaş mövqelərini krossoverlərə təhvil verməyə başladılar. Hətta, bu sahədə lider olan yapon istehsalçıları belə öz model sıralarındakı ofrouderləri krossoverlərə transformasiya etməyə başladılar.

Buna baxmayaraq, hələ də Toyota Land Cruiser və Mitsubishi Pajero Sport kimi avtomobillər rama konstruskiyası üzərində inşa edilir və yüksək keçimlilik qabiliyyətinə malikdirlər. Land Criuser modelinin Bakı yollarında olan çoxluğunu, onun yalnız şəhərdə istifadə olunduğundan xəbər verir. Çox zaman isə, bu ofrouderin sahiblərinin heç onun yolsuzluq imkanları barədə məlumatı olmur.

Bəziləri hətta qar yağan zaman, bu avtomobillər ilə yola çıxmağa belə qorxurlar. Nəsə... Mitsubishi Pajero Sport modelinin üçüncü nəslini Mitsubishi markasının Azərbaycandakı rəsmi dileri Diamond Motors jurnalımıza testə təqdim etmişdir. Test günləri həftəsonuna tuş gəldiyinə görə, mən də onu adi rejimdə sınamaq qərarına gəldim.

Xarici görünüşü. Bu mübahisə mənbəyidir. Öndən Pajero Sport sanballı və aqressiv görünür. İdman xarakeri onun baxışlarından hiss olunur. Arxa tərəfin dizaynı isə, ön tərəf ilə bir qədər dissonans yaradır - uzun və ensiz arxa fənərlər böyük gövədədə qeyri-adi görünür. Öndə iri bamper olsa da, arxa hissədə demək olar ki, bamper çox kiçikdir.

Bununda səbəbi vardır - bamperin forması daha yüksək dərəcəli maneələri qət etmək üçün dizayn olunub. Yan tərəfdən uzun avtomobilin arxa qapılardan sonra yuxarı tərəfə  ensizləşməsi ona idman üslubu bəxş etməyə yönəlsə də, bu o qədər də ürəyimə yatmadı. Əlbəttə ki, hərənin öz zövqu var, ön hissə hamı tərəfindən bəyənilsə də, arxa hissə hamıda təəssüf hissi yaradır. 

İnteryer.Yeni nəslin interyeri əvvəlki modellərin interyerinə nisbətən daha bahalı olduğu təəssüratını bağışlayır.

Lakin, bu üslub yaponların zənginliyə olan nöqteyi-nəzərini ifadə edir - interyer avropalı rəqiblərində olduğu qədər bahalı deyildir. Digər tərəfdən, yüksək keçimli avtomobillərin daha spartan interyeri, onların çətinliklərdən qorxmayan, brutal görkəmi sevən şəxslərə ünvanladığına işarə edir. Test üçün təqdim olunan avtomobil süni dəri ilə üzlənən salona malikdir. İdmansayağı multifunksional sükan dəri ilə üzlənib və bortkompyüterdən istifadə etmək üçün düymələrə malikdir. Sükanın arxasında isə sürətlər qutusunun idarəetmə dəstəkləri yetləşdirilb ki, bu da ekstremal hallarada əli sükandan çəkməyərək pillələri dəyişdirmək imkanı verir.  Bu sistem sürücüyə dəyərli saniyələrin qənaətinə yol açır. Cihazlar paneli analog cihazlarından ibarətdir.

Panelin ortasındakı displeydə əks etdirilən məlumatları sükandakı düymələr vasitəsi ilə «səhifələmək» mümkündür. 

Mərkəzi konsolda multimedia sisteminin 7-düymlük displeyi yerləşir. Multimedia sisteminin interfeysi müasir deyildir, hətta mənə smartfonlardan öncə buraxılan Nokia telefonlarını xatırlatdı. Buna baxmayaraq, sistem Bluetooth funksiyasını dəstəkləyir və telefondan ona toxunmadan istifadə etmək imkanı yaradır. Üstəlik, smartfondakı musiqini də multimedia vasitəsi ilə səsləndirmək də  mümkündür.

Səs sistemi qeyri adi bir imkana malik deyildir və melomanları sevindirməyəcəkdir. Mərkəzi konsolda yerləşdirilmiş havalandırma sisteminin bloku isə müasir dövrə uyğunlaşdırılıb və anlaşılandır. Sürətlər qutusunun qolu klassik şəkildə dizayn edilib və dəri ilə üzlənibdir. Qolun arxasında isə, tam çəkiş sisteminin rejimlərini idarə edən şayba yerləşdrilib. Burada, müasir elektron «əl əyləcini» görmək də olar. Bunlar hamısı birlikdə eklektika yaradır. 

Ön oturcaqlar rahadır və uzun səfərlər üçün uyğundur. Arxa sərnişinlər isə əsasən sərt asqıdan şikayətçidirlər.

Üçüncü siranın oturacaqları qısa məsafə üçün daha yayarılıdırlar - uzun məsafəli səfərlər üçün məsləhətli deyildirlər - onları qatlayaraq, böyük baqaj həcmindən istifadə etmək daha məqsədəuyğundur. Avtomobilin uzunluğunun əsas hissəi deyəsən elə onun baqaj bölümünə səfr olunub. Baqaj bölümü həqiqətən də iridir və 674 litrlik həcm təklif edir. Bu da səyahət üçün təqdirəlayiqdir. Arxa oturacaqlarda ayaqlar üçün yer yetrəli qədər olsa da, limuzin hissini vermir.  Mitsubishi Pajero Sport modelinin qabarit uzunluğu 4785 mm, hündürlüyü 1805 mm, eni 1815 mm. Yeni avtomobil sələfindən 90 mm uzun və 5 mm hündürdür.

Təkər bazasının genişliyi 2800 mm, klirensi isə 218 mm təşkil edir. Keçid dərəcələri öndə 30, arxada 24.2 dərəcədir.

Mühərrik.Pajero Sport modelinin mühərrik çeşidinə iki mühərrik daxildir. Bunlardan birincisi atmosfer tipli 3.0-litrlik benzin mühərriki 218 at qüvvəsi və 279 Nm fırlanma anı hasil edir. Alternativ olaraq 2.4-litrlik 181 at qüvvəsinə və 430 Nm fırlanma anına malıik olan dizel mühərrik təklif edilir. 3,0-litrlik güc aqreqatı  səkkiz diapazonlu avtomatik ötürmələr qutusu və Super Select II transmissiyası ilə tandemdə çalışır. Tam çəkiş sistemi özüqapanan Torsen differensialına malikdir və fırlanma anını oxlar arasında 40:60nisbətində paylayır. Tam çəkiş sistemi dörd iş rejiminə malikdir: palçıq, daşlıq, çınqıl və qumluq. Rejimlər mərkəzi konsoldaki şayba vasitəsi ilə aktivləşdirilir.

Mitsubishi Pajero Sport gələcəkdə Pajero modelini əvəz edəcəyi barədə şayələr gəzir. Bu da o deməkdir ki, artıq Pajero həvəskarları üçün seçim yalnız bir modeldən ibarət olacaqdır. Yeganə seçim şansı mühərriklər arasında olacaqdır - benzin və ya dizel. 

Pajero Sport-un idarə olunması yaxşı hisslər bağışlayır. Ağır sükan, ağır pedallar, sərt asqı avtomobilin adına layiqdir. Avtomobil döngələri rahatlıqla, əyləc pedalından istifadə etmədən, döngə oxu üzrə keçir. Bu da ekstremallağı sevən sürücülərə xoş hissələr bağışlamalıdır. Qismən yüklənmiş avtomobil yaxşı idarə olunur. Lakin

Şənbə gunü Qəbələdə keçirilən Qafqaz Motor Şouya yollandıq. Mən və üç nəfər sərnişin, çantalar ilə dolu olan baqaj ilə yola çıxdıq. Havalar isti olduğundan və oturacaqların süni dəri ilə üzləndiyini nəzərə alaraq, kondisioneri işə salmaq məcburiyyətində qaldıq. Bu avtomobilin çevikliyinə ciddi təsir etdi.

İkizolaqlı yollarda yük avtomobillərini ötmək üçün kik-daun etsəm də, Pajero-nun adındakı Sport-dan əsar əlamət belə qalmamışdı - sürətlənmə o qədər yavaş oldu ki, fikrimdən daşınaraq, ötmədən imtina etdim.

Çünkü qarşıdan gələn avtomobilin təxmini sürətini hesablayanda, ötməni etmək üçün yetərli zamanın olmadığını anladım. Hətta, sürətlər qutusunu sükandakı dəstəyi ilə ən aşağı pilləni seçmək də buna yardım etmədi.

Yalnız yol boşalandan sonra təhlükəsiz ötmə əməliyyatıi həyata keçirmək mümkün oldu. Bu hal məni bir qədər məyus etdi, çünki 3,0-litrlik mühərrikdən daha çox çeviklik gözləyirdim. Sürət limitli qaydalarına riayyət edərək Qəbələyə olan 220 km məsafəni üç saata qət etdik. 

Bazar günü, sərin hava şəraitində, iki nəfərlik heyyət və yüksüz, Qəbələdən Laza kəndinə yola düşdük. Sükan arxasına təcrübəli ciper Şakir Eminbəyli oturdu. Məqsədimiz yolsuzluq şəraitində avtomobili test etmək idi. Təəsüf ki, istədiyimiz məkana yollar bağlı olduğundan gedə bilmədik. Məqsədimiz istehsalçınının söylədiyi 70 sm-lik dərinlikdəki su maneəsindən keçmək idi. Lakin, belə imkanımız olmadığından avtomobili çaydakı daşlığa yönəltdik. Bu sınaq isə avtomobilin potensialanın tam açmağa şərait yaratmadı.

Onu da qeyd edim ki, kondisioner işlətmədən və iki nəfər ilə avtomobilin sürətlənməsi heç də pis deyil. Elə bil Pajero Sport yeni bir avtomobilə çevrildi. Sürətlənmə daha təqdirəlayiq oldu. 

Bir sözlə Mitsubishi Pajero Sport üçüncü nəslinin bütün üstünlük və əksikliklərini cəmləyərək demək olar ki, o əsl offroaderdir, yolsuzluqda sahibini xilas edə biləcək bir yol yoldaşıdır. Eyni zamanda, onu şəhərdə və yaxud sadəcə piknik üçün seçərsiniz isə, bu həyatınızın səhvi olacaqdır.

Əgər sizə «palçıq qarışdırmaq» və ya qayalara dırmanmaq üçün əsl kişi avtomobili lazımdırsa, nəzər salacağınız avtomobil məhz Mitsubishi Pajero Sport-dur.

Avtomobil testə Mitsubishi Avtomobil Mərkəzini tərəfindən təqdim olundu.

ДРУГИЕ СТАТЬИ