Hyundai Ioniq. Gələcəyə səyahət

Son 20 ildə avtomobillərin sayının sürətlə artması yer kürəsinin atmosferinə mənfi təsir göstərir. Avtomobillərin atmosferə atdıqları zərərli maddələr ekologiyanı korlayır. Bu da öz növbəsində insanlarda xəstəliklərin artmasına və immunitetin zəifləməsinə yol açır. Sirr deyil ki, daxili yanma mühərriklərini nə qədər də ekoloji etməyə çalışsalarda, buna tam nail olmaq mümkün deyil.

Avtomobil istehsalçıları müxtəlif texnologiyaları tətbiq edərək daha ekoloji avtomobillərlə eksperimentlər edirlər. Onlar daha təmiz benzin və dizel yanacağı, tullantılardan alınan yanacaqlar, hidrogen, təbii qaz, hava ilə işləyən mühərriklər ilə təcrübələr həyata keçirdikdən sonra,  sonunda seçimlərini elektomobillərdə dayandırıblar.

Bəs elektomobillərin istismarının ənənəvi avtomobillərdən üstünlüyü nədədir? Bunun üçün mən Hyundai şirkətinin istehsal etdiyi Ioniq elektromobilnin testini həyata keçirərək müqayisə etdim. Avropa artıq 2022-ci ildən başlayaraq elektromobillərə keçməyi planlaşdırır.

Ona görə də Avropa bazarında bu növ avtomobillərdən aktiv şəkildə istifadə olunur. Eyni zamanda, Avropa ittifaqında elektrik yükləmə stansiyalarının sayı sürətlə artır. Digər tərəfdən aktiv aparılan təşviqat avtomobil sahiblərinin elektomobilərə üz tutmağa sövq edir. Bunun üçün bir çox maliyyə güzəştləri tətbiq olunur, insanların öz sağlamlığını və gələcəyini qorumasının öz əllərində olduğu təbliğ edilir.

Hyundai Ioniq Avropa bazarında ən effektiv elektromobillərdən biri hesab olunur. Xarici görünüşü ilə hibrid modifikasiyalarından fərqlənməyən və tamamilə elektriklə çalışan Hyundai Ioniq yalnız ön radiator barmaqlığının olmaması və kuzovun üzərindəki yazılardan tanına bilər.

Salonunda isə daha çox fərqlilik hiss olunur. İndi ona daha ətraflı baxaq. Daha öncə söylədiyim kimi, avtomobilin ənənəvi hetçbekdən heç bir fərqi yoxdur və Hyundai şirkətinin digər modelləri ilə eyni korporativ dizayn üslubunda hazırlanıb. Diqqəti çəkən məqamlardan biri 5-ci qapıda olan spoylerin arxa şüşəni iki hissəyə bölməsidir. Bunun mənfi tərəfi salondakı güzgünün görüntüsünü məhdudlaşdırmasıdır. Müsbət cəhəti isə aerodinamikanı yaxşılaşdırması, həmçinin arxa şüşənin çirklənməsinin qarşısını almasıdır. Elə bu səbəbdən də Ioniq üçün arxa şüşətəmizləyən nəzərdə tutulmayıb.

Ön barmaqlıqların əvəzinə gümüşü rəngli tam plastiklə bağlanmış hamar ön hissəni görürük. Xarici görünüşün dizaynı əlbəttə ki, zövqə bağlıdır. Hər halda, elektromobilin dizaynına şedevr və yaxud ilin dizaynı demək olmasa da, zənnimcə avtomobilin eksteryeri kifayət  qədər cəlbedicidirdir. Kuzovun aerodinamik əmsalı 0.24 olması onun daha qənaətcil olmasına imkan yaratmalıdır.

İnteryerə gəldikdə isə, salon arxitekturası koreya markasının tanış olan dizayn üslubunda yaradılıbdır. Ön paneldə əsas diqqət çəkən element isə mərkəzi konsoldur. Ənənəvi sürətlər qutusunun başlığının əvəzinə düymələr yerləşdrilib: P (park), D (İrəli), N (neytral) və R (arxaya hərəkət). Cihazlar paneli isə digərilərindən çox fərqlidir. Elektron displey seçilmiş hərəkət rejimindən asılı olaraq dizaynını və rəngini dəyişir. İdarəetmə elektronikası üç rejimə - eco, standart və sport, – malikdir. Rejimləri mərkəzi konsoldakı düymə vasitəsi ilə idarə etmək mümkündür. Sağ tərəfdə avtomobilin texniki vəziyyətini göstərən displey yerləşir. Onun funksiyalarını sükandakı düymələrdən istifadə edərək dəyişmək olar.

Fikrimcə, bu funksiyalar arasında ən maraqlısı akkumulyatorun vəziyyətinin, həmçinin enerjinin sərfiyyatının və rekuperasiyasının göstəricisidir. Bu göstəricilər sayəsində enerji sərfiyyatını nəzarət altında saxlamaq olur. Ekranın sağ tərəfində akkumulyatorun enerji səviyyəsinin, solda isə sərfiyyatın göstəricisi iri qrafik şəklində nümayiş etdirilir. Tam mərkəzdə isə sürət şkalası və yürüş məsafəsinin ehtiyatı əks olunur. 

Mərkəzi konsolda 8-düymlük ekran yerləşir. Displeyin yarısı naviqasiya sisteminə verilsə də, oradan bu barədə heç bir məlumat əks etdirilmir – çox güman ki, sistemə Azərbaycanın xəritəsi yazılmayıb. Mərkəzi konsoldakı multimedia sistemi müasir planşetlərin üslubunda qrafika ilə təmin olunub. Onları idarə etmək smartfonlar qədər asan və intuitivdir.

Hətta, Android Auto və Apple CarPlay əlavələrinin işarələri ilə də qarşılaşdım. Bu, müasir zamanın tələbidir və belə funksiyanın mövcudluğu yalnız təqdirə layiqdir. iPhone smartfonunun multimedia sisteminə Bluetooth vasitəsi ilə qoşulmasına baxmayaraq, Apple CarPlay funksiyasını çalışdırmaq üçün kabelə ehtiyac vardır. 

iPhone smartfonunun multimedia sisteminə Bluetooth vasitəsi ilə qoşulmasına baxmayaraq, Apple CarPlay funksiyasını çalışdırmaq üçün kabelə ehtiyac vardır.

Smartfon qoşulduqdan sonra isə, multimedia sisteminin ekranında yalnız müəyyən tətbiqlər (application) peyda oldu. iMessage və What’s App da daxil olmaqla, zəngləri və messencerləri Siri vasitəsi ilə səslə idarə etmək mümkündür. Mesajın göndərilməsi və oxunması da səs komandaları vasitəsi ilə həyata keçirilir. Lakin, maraqlı olan rus dilində latın qrafikası ilə yazılan mesajların necə oxunacağıdır... 

Apple CarPlay Google Maps xəritələrindən istifadə etmək imkanı verir. Bu istifadəçiləri məmnun edəcək bir xəbərdir, çünki sürücü rahatlıqla ondan naviqasiya kimi istifadə edə bilər. What’s App sistemi ilə mesaj göndərməyə də cəhd etdim və funksiyanın normal olaraq çalışdığını söyləyə bilərəm. Bu da Ioniq modelinin xeyrinə yazılacaq daha bir plyusdur – artıq həyatımızda məhz bu messencer ən çox işlənən rabitə vasitəsinə çevrilib. Android Auto-nu smartfon kabelinin olmaması üzündən yoxlamaq mümkün olmadı.

Sürücü yerinə gəldikdə isə oturacaqların rahatlığını və yaxşı dəstəyə malik olduğunu qeyd etməliyəm. Oturacağı tənzimləmək də çox asandır – qısa müddət ərzində istədiyim tənzimləmələri həyata keçirdim. Multifunksional sükan çarxı sürücünün həyatını asanlaşdırmağa xidmət edir. Oturacaqların və sükan çarxının qızdırılması da bir çox sürücünü məmnun edən funksiyalardan biridir və onlar konsoldakı düymələrdən idarə olunur. Klimat-kontrol sistemi mərkəzi konsolda yerləşir və kiçik ölçülü displeyə malikdir.

İoniq-in interyeri digər Hyundai modellərindən az fərqənir

Avtomobillə tanışlıqdan sonra yola çıxırıq. Elektromotor tam səssiz işləyir. Sükanın sol tərəfində yerləşən düymə ətrafdakıları xəbərdar etmək üçün səslənməni aktivlərdirir. Lakin, bu sistemin çalışması və ya çalışmaması elə də ciddi fərq etmir, səs səviyyəsi istənilən halda azdır.

Məncə əlavə avadanlıq kimi xarici dinamiklər və motor səsinin imitsasiyası funksiyası təhlükəsizliyin artırılmasına zəmanət verərdi. Eyni zamanda, səs səviyyəsini tənzimləmək imkanlarının olması da məsləhətdir.

Məsələn, istəyirsən superkar səsini seç və yaxud standart avtomobil səsini. Qeyd edim ki, şinlərin, transmissiyanın və küləyin səsi müəyyən səviyyədə bunu əvəz etsə də, yenə də elektromobil piyadalar tərəfindən“eşidilməyə” bilər

“D” düyməsinə basaraq hərəkətə başlayırıq. İoniq stabil olaraq, heç bir sıçrayış olmadan sürətlənir. Sürətlənmə yetərli qədər cəlddir. Akselerator pedalının döşəməyə sıxılması yalnız enerjinin sürətlə azalmasına səbəb olur, və buna görə də sürətlənməni tədricən həyata keçirmək gərəkdir. Adi avtomobillərdən fərqli olaraq elektromobillərdə maksimal fırlanma anı dərhal əlçatandır. Üstəlik, sürətin yüksək olması, batareyanın enerji səviyyəsinin sürətlə azalmasına gətirib çıxarır. 

Sükan idarəetməsi və asqı sisteminin tənzimləmələri hərəkət rejiminin seçimindən (eco, normal və sport) asılı olaraq müxtəlif ola bilər. Buna baxmayaraq bütün rejimlərdə sükanın məlumatlandırıcı və həssas olması xoşuma gəldi. Asqı sisteminin bir az sərt olması yol səthinin kələ-kötürünü hiss etdirsə də, rahatsızlıq yaratmır, əksinə avtomobilin idarə edilməsini daha zövqlü edir. Ioniq döngələrı yetərli qədər sürətlə, özü də əyləclərdən istifadə etmədən qət etməyə imkanı yaradır.

Akkumulyator batareyasının arxa oturacaqlarin və bagajın altında yerləşməsi, həm çəkinin oxlar arasında yaxşı nisbətdə bölünməsinə, həm də ağırlıq mərkəzinin aşağı səviyyədə olmasına zəmin yaradır. Bütün bunlar isə elektromobilin idarələnməsinə müsbət təsir göstərir.  Hyundai İoniq modelinin idarəolunmasına 5 baldan 4 qiymətini verirəm.

İndi gələk əsas məsələyə - elektromobilin yürüş məsafəsinə, batareyanın doldurulmasına və istismar xərclərinə. İlk batareyadan başlayaq. İstehsalçı batareyaya 8 il zəmanət verir və bu müddət ərzində yarana biləcək bütün problemlər servis tərəfindən pulsuz olaraq həyata keçirilir. Əlbəttə ki, batareyaların xüsusuiyətindən biri də zaman keçdikcə tutumunun azalmasıdır. Yerli nümayəndəliyin əməkdaşları Ioniq modelinin batareyasının tərkibindəki akkumulyatorların hissə-hissə də dəyişdirmək imkanının olduğunu da bildirdilər. Bu isə, batareyanı tədricən yeniləməyə imkan yaradır. 

Enerjinin yüklənməsinə gəldikdə isə, hələlik ölkəmizdə kifayət qədər yükləmə nöqtələri mövcud deyildir. Belə məntəqələri barmaqla saymaq olar, Heydər Əliyev mərkəzinin dayanacağı, Gənclik Mall-un yeraltı dayanacağı, hava limanı yolundakı bir neçə SOCAR yanacaqdoldurma məntəqəsi. Bakıdan kənarda belə məntəqələrin olması haqqında heç bir məlimat yoxdur. Bu məntəqədələrin bəzisində 3 fərqli güclə elektrik enerjisi yükləmək imkanı var. Mən bunlardan ən məşhuru və rahat olanı Heydər Əliyev mərkəzinin avtomobil dayanacağında yerləşən stansiyadan istifadə etdim.

Ən güclü variant olan 50 kilovatlıq yükləmə elektrokarın 28 kilovat-saatlıq batareyasını yarım saat ərzində doldurmalı idi. Lakin, mən orada bir saat yarım vaxt itridim. Sistem beş dəfə səhvin olduğunu göstərdi, doldurma dayanırdı və hər dəfə doldurma qolunu çıxarıb yenidən qoşmaq məcburiyyətində qaldım. Sonunda 92% səviyyəsində elektronika enerji yükləməsini dayandırdı ki, bu da xüsusi proqram təminatı tərəfindən batareyanın ömrünü uzadılması məqsədi ilə edilir. 

Tam dolmuş 28 kilovatlıq batareya ilə 205-280 km yol getmək olur. Yürüş məsafəsinə təsir edən amillər: sürət, hərəkət rejimi, yol səthi, sürətlənmə və kondisionerin işlənməsidir. Amma yaxşı xəbər ondadır ki, avtomobildə rekuperasiya sistemi vardır ki, bu sistem də əyləcləmə və gillətmə ilə gedən zaman əldə edilən enerjini elektrik enerjisinə çevirərək batareyanı doldurur.

Rekuperasiya üsulunu ya kompyuterdən, ya da sükanda olan qollardan ayarlamaq olur. Hətta, əksər hallarda əyləc pedalından da istifədəyə ehtiyac qalmır, bu da əyləc baltalarının istifadəsini 100 min kilometrə qədər artırmağa imkan verir. Beləliklə, nəzəri olaraq, bütün imkanlardan düzgün istifadə edilərsə yürüş məsafəsini 280 kilometrə qədər yüksəltmək olar. Məişət elektrik şəbəkəsindən istifadəyə gəldirkdə isə, bagajda olan adaptor vasitəsi ilə adi rozetkadan istifadə etmək olar. İki fazalı elektrik cərəyanı batareyanı 9-11 saata, üç fazalı isə 4 saata doldurur.

Yəni, uzaq məsafəyə səfər etmək fikrinə düşsəniz, elektromobilin batareyasını doldurulması üçün, onu gecə məişət şəbəkəsinə qoşmanız gərəkdir. Lakin, üçfazalı nöqtələr olan məntəqələrdə də yükləməni həyata keçirmək olar. Sadəcə bunun üçün opsional olaraq satılan sürətli yükləmə kabelini almaq gərəkdir. Telefonlardan fərqli olaraq, elektrokarlar üçün hələlik mobil “powerbank” təklif edilmir.

Düşünün ki, axşam yolulmuş vəziyyətdə evə gəlirsən, avtomobili cərəyana qoşmaq yaddan çıxır. Səhər oyanırsan ki, nə elektrokarda enerji var, nə də telefonda. İndi görüm nə edirsən! Əlbəttə, bu bir zarafatdır, amma reallıq da ola bilər. İoniq modelini idarə etmək dietaya bənzəyir. Hər zaman bir gözün batareya və sərfiyyatda olmalı, qənaət və rekuperasiya funksiyasından istifadə etməlisən. Üstəlik, əyləcləmə üçün sükanarxası qollardan istifadə etmək gərəkdir. Batareya aşağı səviyyəyə düşəndə isə stress keçirə bilərsən ki, yolda qalacağam.

Batareyanın səviyyəsi 20%-dən aşağı enəndə bortkomputer və konsoldakı monitorda xəbər peyda olur və tezliklə batareyanı doldurulmasının gərək olduğu xatırladıılır.

Test zamanı enerji sərfiyyatı 100 kilometrə 14.1 kilovat səviyyəsində oldu, bir doldurma ilə 210 kilometr yol gedə bildim. İdarəetmə zamanı müəyyən zamanlarda kondisioner, ani sürətlənmə (kik-daun), eco, normal və sport rejimlərindən istifadə etdim. Sərfiyyat ortalama olaraq öncə göstərdiyim səviyyədə oldu.

Bəs elektromobilin, hal-hazırda isə, İoniq-in ənənəvi avtomobildən üstünüyü nədir? İlk növbədə ekoloji cəhətdən təmiz olması. Sirr deyildir ki, şəhərimizin ekologiyası bərbad vəziyyəttədir. Elektrokarın daha bir əhəmiyyətli tərəfi qənaətciliyyindədir.

Bu gün hələlik elektrik yükləmə məntəqələrində xidmət pulsuzdur. Evdə adi cərəyandan elektrik yükləmə xərci isə, bir tam yükləmə üçün 2 manat 60 qəpik edir. Yanacaqla çalışan  analoqları ilə müqayisədə bu 200 km üçün 12 manata qənaət deməkdir.

Benzin mühərriki ilə çalışan avtomobillər üçün 200 kilometrlik yürüş ortalama 14.60 manata başa gəlir. Üstəlik, heç bir yağdəyişməyə ehtiyac yoxdur, təmir xərcləri isə, demək olar ki, minimal səviyydədir. Yanacaq qənaəti 200 min kilometrə 14600 manat edir. 

Hyundai servisindən aldığım məlumata görə, 200 min kilometrlik yürüşə Ioniq ilə eyni seqmentdə olan Elantra üçün ortalama istismar xərci 14 min manatdır. Hyundai Ioniq üçün isə bu rəqəm maksimum iki min manat səviyyəsində olmalıdır. Avtomobili dəyişmə müddətinin ortalama 5-8 il olmasını, yürüş məsafəsini isə ildə 15 min kilometr götürsək, səkkiz min manat istismar xərcləri və 8760 manat yanacaqda qənaət etmiş oluruq. 

Qısa hesablama edək: qiyməti 35 min manat olan Elantra ilə 65 min manatlıq Ioniq arasındakı qiymət fərqi 30 min manat edir. Bu rəqəmdən 16760 manatı çıxsaq, yenə də ənənəvi benzin motorlu avtomobil 13 min manat ucuz başa gəlir. Bunun da əsas səbəbi gömrük rüsumunun 36% səviyyəsində olması, üstəlik bunu tənzimləyən qanunun olmamasıdır. Elektomobillərin ölkəmizdə populyar olamamasının əsas səbəbi də elə bundadır. Belə yüksək səviyyədə təyin edilmiş gömrük tariflər elektromobillərin öncədən rəqabət qabiliyyətini azaldır. Lakin, yenə də ümid yeri vardır. Təsdiq edilməmiş məlumatlara əsasən bu məsələ artıq dövlət strukturlarında müzakirə olunur və dəyişiklər ediləcəyi gözlənilir.

Ümid edirəm ki, elektomobillər təmamilə gömrük vergilərindən azad olacaq. Hətta təklif edərdim ki, elektromobil istifadə edən şirkətlərə vergi imtiyazları da tətbiq edilsin, çünki insanların sağlamlığı və ekologiya hər şeydən vacibdir. Heç uzağa getmək lazım deyil - qonşumuz Rusiya, Gürcüstan və Ukraynada elektromobillər üçün gömrük rüsumu artıq 0% endirilib.

Sürətlənmə və gecə testi

Üstəlik, elektromobillərdən istifadə nəticəsində qənaət olunan yanacağı ixrac edərək ölkəyə əlavə valyuta vəsaitlərinin daxil olmasını təmin etmək olar. Həm ekologiyanın təmizlənməsinə, həm də ixracatdan büdcəyə gələn gəlirlərin artmasına nail ola bilərik. Həmin valyutanı da elektomobillərin istehsalına yönəldərək, yeli istehsalat da yaratmaq olar. Elektrik doldurma stansiyalarına gəldirkdə isə, bu o qədər da bahalı olmayan qurğulardır ki, onların da qiyməti 14 - 50 min dollar arasında dəyişir. Elektomobillərin satışı artarsa, Azərbaycanın əsas yolları boyunca 50-100 kilometrdən bir belə stansiyaların quraşdırılması asanlıqla mümkün olacaqdır.

Belə şəbəkənin yaradılması üçün üçüncü tərəfi də cəlb etmək mümkündür. Artıq Avropanın əsas yolları boyunca belə stansiyaların inşasına start verilmişdir.

Bu şəbəkənin yaradılmasında Ford, BMW, Mercedes-Benz, Volkswagen kimi nəhənglərdən ibarət konsorsium xüsusi əməliyyat şirkəti belə yaradıb. Yaxud dövlət tərəfindən pulsuz və ya ucuz qiymətə belə stansiyaların qurulması elektromobillərin yayılmasına təşviq edər. Deyəcəksiniz ki, bu fantastikadır. Amma bütün dünya buna doğru gedir, biz də bu proseslərdən kənarda qalmayacağıq. Əsas odur ki, gecikməyək...

Avtomobil Hyundai Azərbaycan tərəfində testə təqdim olunmuşdur.

ДРУГИЕ СТАТЬИ