Audi Bakı Mərkəzi «quattro» günləri keçirib

Keçən həftə Audi şirkətinin yerli nümayəndəsi olan Audi Bakı Mərkəzi bu markanın Azərbaycandakı tarixində ilkə imza atmışdır. Alman istehsalçısının yerli nümayəndəliyi aprel ayının 15-16 tarixlərində «Audi quattro» tədbirini həyata keçirmişdir.

Audi Bakı Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 30 yaxın alman markasının həvəskarları və yerli media nümayəndələri iştirak etmişdirlər. Autograph dərgisini bu tədbirdə mən və Ramin Musayev təmsil edirdi. Tədbir iştirakçıları ilkin olaraq Audi Bakı Mərkəzinin Babək prospektindəki sərgi-satış salonunda toplaşdılar. Plana əsasən Audi markasına məxsus olan otuza yaxın avtomobildən ibarət karvan Bayraq meydanından start götürərək Şamaxıya yürüş edəcəkdi. Marşrutumuzun son nöqtəsi olaraq Şamaxıdakı Şaradil Palas mehmanxanası seçilmişdir. 

Qısa məlumatlandırmadan sonra iştirakçılar marşrutun başlanğıc nöqtəsinə yollandılar. Bayraq meydanındakı foto və video çəklişdən sonra isə avtomobil karvanı Şamaxı yollandı. Burada bizi Audi markasının iki yeni avtomobili gözləyirdi.

Axşam iştirakçılar mehmanxananın konfrans zalında təşkil edilmiş brifinqdə iştirak etdilər. Audi Bakı Mərkəzinin nümayəndəsi Əli Əhədov toplaşanlara yeni nəsil A5 Sportback hetçbeki və Q5 krossoveri barədə ətraflı məlumat verdi. 

Yürüş iştirakçıları Bayraq meydanında

Audi A5/S5 Sportback

Audi A5/S5 Sportback modelinin ikinci nəsli keçən il keçirilmiş Paris avtosalonunda debüt etmişdir. Audi A5/S5 Sportback modeli yeni A5 kupesində əksini tapmış yeni dizayn üslubunda hazırlanmış daha müasir və gözəgəlimli eksteryer və interyerə malikdirlər. Yeni modellər qısa kuzov çıxıntılarını, uzadılmış təkər bazasını, cazibədar kuzov xəttlərini, hündürlüyü azaldılmış və eni artırılmış radiator barmaqlığını, işıqdiodlarından hazırlanmış işıq texnikasını və iri təkər disklərini əldə etmişdir.

İkinci nəsil A5/S5 Sportback modelləri MLB Evo modul platformasında yığılmışıdr. Sələfinə nisbətən yeni avtomobil 85 kiloqram daha yüngüldür və 1470 kiloqram təchiz edilmiş çəkiyə malikdir.

Beləliklə, Audi S5 Sportback modelinin öz seqmentində olan avtomobillər arasında ən yüngülü olduğunu söyləmək olar. A5/S5 Sportback modelinin qabarit uzunluğu 4752 millimetr, eni – 1843 millimetr, hündürlüyü isə 1384 millimetrdir. Təkər bazasının uzunluğu 2825 millimetrə bərabərdir.

Avtomobil karvanı yoluna davam edir

İkinci nəsil A5/S5 Sportback modelinin interyerinin dizaynı yeni A4 modelinin interyeri ilə bənzərlik daşısa da, eyni zamanda sonuncuya nisbətən daha çox məkan təklif edir. Alman mütəxəssislərin iddiasına görə, yeni modelin salonu əvvəlkinə nisbətən 17 millimetr artmışdır.  Sürücü və ön sərnişinin çiyin hissəsindəki məsafə isə 11 millimetr artırılmışdır. Bundan başqa, arxa sərnişinlərin ayaq hissəsindəki məkan 24 millimetr genişlənmişdir. 

Yeni Audi A5/S5 Sportback modeli 12,3-düymülük Audi Virtual Cockpit rəqəmsal cihazlar paneli və 8,3-millimetrlik sensorlu ekranı olan təkmilləşdirilmiş multimedia sistemini əldə etmişdir.Texniki cəhətdən yeni model A4 və A5 Coupe modelləri üçün təklif edilən gücü 190 – 286 at qüvvəsi arasında dəyişən iki benzin (TFSİ) və üç dizel (TDİ) mühərrikləri ilə təchiz ediləcəkdir. Mühərriklər 6-pilləli mexaniki, 7-pilləli S Tronic “robotu” və 8-pilləli Tiptronic avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilərlər. 

Audi Bakı Mərkəzi iştirakçılar üçün əyləncə proqramı da hazırlamışdı

Əlbəttə ki, məşhur quattro tam çəkiş sistemini də unutmaq lazım deyildir. Audi S5 Sportback modeli 354 at qüvvəsinə malik olan 3,0-litrlik V6 turbomühərriki ilə təchiz ediləcəkdir.

Bu əvvəlki modeldə olduğundan 21 at qüvvəsi daha çoxdur. Audi S5 Sportback modeli 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir.

Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Bundan əlavə, A5 Sportback modelinin g-tron variantı da təklif ediləcəkdir.

170 at qüvvəli 2,0-litrlik TFSİ mühərriki həm benizn, həm də təbii qazla işləyə bilir. 

Brifinqdə yeni modellər haqqında məlumat verildi

Audi Q5 

Yeni nəsil Q5 krossoverini təqdim etmişdir. Kütləvi nümayişi Paris avtosalonunda keçirilmiş krossover sələfindən 90 kiloqram yüngüldür. Audi Q5 krossoverinin ikinci nəsli MLB modul platformasında istehsal ediləcəkdir.

Yeni krossoverin qabarit uzunluğu 4,66 metr, eni 1,89 metr, hündürsüyü isə 1,66 metrdir. Audi Q5 modelinin təkər bazasının uzunluğu 2,82 metrə bərabərdir. İkinci nəsil Q5 krossoverinin baqaj bölümünün həcmi 550 litr təşkil edir. İkinci cərgənin oturacaqlarının önə çəkilməsi zamanı 60 litr əlavə məkan da əldə etmək mümkündür. Oturacaqların qatlanması halında baqaj bölümünün həcmini 1550 litrə çatdırmaq olar.

İlk zamanlar Audi Q5 modeli dörd dizel və bir benzin mühərriki ilə təklif ediləcəkdir. Dizel mühərrikləri üç güc göstəricisinə - 160, 163 və 190 at qüvvəsinə malik olan 2,0-litrlik dörd silindirli güc aqreqatı ilə təmsil ediləcəkdir. Bundan əlavə, 386 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik turbodizeli də sifariş etmək mümkündür.

Axşam klassik muğamla davam etdi

Yeganə benzin mühərriki isə, Audi A4 və A6 modellərindən tanış olan 252 at qüvvəli 2,0-litrlik turbomühərrikdir. 2,0-litrlik mühərriklər altı pilləli mexaniki və ya yeddi pilləli S tronic «robotu» ilə birgə çalışacaqdırlar.

Ən güclü dizel mühərriki isə səkkiz pilləli Tiptronic avtomat sürətlər qutusu ilə təchiz ediləcəkdir. Audi Q5 krossoveri quattro ultra yeni nəsil tam çəkiş sistemi ilə də təchiz edilcəkdir. Xatırladaq ki, yeni sistemdə qeyri-simmetrik Torsen differensialı çoxdiskli mufta ilə əvəzlənmişdir. 150 at qüvvəli mühərrikə malik olan krossover üçün isə, tam çəkiş sistemi əlavə avadanlıq olacaqdır.

Ən güclü dizel variantı isə Torsen differensialını qoruyub-saxlamışdır. Bundan əlavə, top-dizel modifikasiyası üçün arxa idman differensialını sifariş etmək olar. İkinci nəsil Q5 krossoveri drive select sistemi vasitəsi ilə sərtliyi dəyişdirilən yay və amortizatorlarla yanaşı, beş quraşdırılmış klirensi seçmə rejimi olan pnevmatik asqı sistemi ilə də təchiz oluna bilər.

Testlər başladı

Xatırladaq ki, əvvəlki nəsil Audi Q5 krossoveri üçün pnevmatik asqı sistemi təklif edilmirdi. Yeni krossoverin avadanlıq siyahısına  matrisa tipli ön fənərlər, qızdırlan multifunksional sükan çarxı, masaj funksiyalı oturacaqlar, salon işıqlandırmasının tənzimlənməsi, virtual cockpit cihazlar paneli, 8,3-düymlük sensorlu ekranı və taçpadı olan multimedia sistemi, 3D effektli Bang&Olufsen səs sistemi və arxa sərnişinlər üçün ön öturacaqların arxa hissəsində bərkidilən planşetlərdən ibarət əyləncə sistemi daxil edilmişdir. Avtomobilin elektron «köməkçilər» siyahısında adaptiv kruiz-kontrol, arxa hərəkət  zamanı yaxınlaşan avtomobil haqqında xəbərdarlıq edən sistem, mümkün toqquşmaları önləyən sistem, yol nişanlarını tanıyan və təcili əylənmə sistemi mövcuddur. 

Tədbirin səhəri günü media nümayəndələri 252 at qüvvəli 2,0-litrlik TFSI mühərrikləri ilə təchiz edilmiş A5 Sportback hetçbeki, Q5 və Q7 krossoverləri ilə yaxından tanış olmaq imkanı da əldə etdilər. Açığnı desəm, bu üçlüyün içərisində idarəetməsindən həzz aldığım avtomobil məhz A5 Sportback modeli oldu. 

Yeni nəsil A4 ailəsi ilə eyni platformanı və aqreqatları bölüşməsinə baxmayaraq, İnqolştat mütəxəssisləri bu iki avtomobilə müxtəlif xarakteristikaları bəxş etməyə nail olmuşdurlar. Ağsu aşırımın döngəli yollarında A5 Sportback modeli idman xarakteristikaları sayəsində daha çox dayanıqlılıq və yüksək idarəetmə qabiliyyətinə malik olduğunu göstərdi. Yeni nəsil Audi Q5 krossoveri də mənə yaxşı təsir bağışladı,

Krossover hündür ağırlıq mərkəzinə malik olmasına baxmayaraq döngələrdə heç də A5 Sportback modelindən geridə qalmadığını göstərdi.

Daha iri Q7 modelinə gəldikdə isə, 252 at qüvvəli variantın yadda qalan dinamik göstəricilərə malik olmasa da, şəhər şəraitində kifayət qədər qənaətcil olacağını əminliklə söyləmək olar.

İstənilən halda, hər iki yeni avtomobil haqqında təəssüratlarımızla bölüşmək üçün  tam formatlı sınaq testlərinə ehtiyac vardır. Audi Bakı Mərkəzindən artıq test avtomobillərinin sifariş olunduğu və yaxın zamanlarda Bakıya gətirələcəyi bildirildi. 

ДРУГИЕ СТАТЬИ