İtalyan avtomobillərini sevib də, Abarth markasını tanımayan birinin olduğuna inanmaq çox çətindir. Məşhur italyan brendi 2023-cü model ilində öz çeşidində yeni dəyişikləri həyata keçirəcəyini bəyan edib.

Belə ki, italyan markası öz avtomobilləri üçün, ilk dəfə olaraq, Orange Racing livreyasını təklif edir. Yeni livreya Abarth brendi üçün əhəmiyyətli rənglərin – sarı və qırmızı çalarların qarışığından yaradılıb. Bu rənglər əqrəb təsviri olan firma loqotipində də öz əksini tapıblar. 

Ən vacibi isə, yeni spesifik rəng Abarth və Fiat markaları arasındakı tarixi bağlara, habelə məhdud sayda buraxılmış və Orange Racing 255 livreyasına malik olan Fiat 131 Racing Volumetrico Abarth modelinə ehtiramın əlamətidir.

Orange Racing rəngi artıq 2023-cü model ilinin Abarth 595 və Abarth 695 modelləri üçün əlçatanıdr. İtalyanlar yeni rəng çalarları ilə yanaşı, seçimi daha sadə və nizamlı edəcək paketləri hazırlayıblar. Alıcılara iki variant - Turismo və Competizione tərtibatları arasında seçim təklif olunur.

Adından da göründüyü kimi, Turismo versiyasında əsas üstünlük üsluba və rahatlığa verilir. Turismo indekli avtomobillər qara dəri salona, 17-düymlük Turismo təkər disklərinə və Turismo nişanlarına sahib olublar.

Competizione tərtibatı isə, artıq Abarth modelinin nə qədər “vəhşiləşəcəyini” nümayiş etdirir. Belə hetçbek adına layiq avadanlıqlarla – Sabelt Carbon idman oturacaqları, 17-düymlük Competizione təkər diskləri, məhdud sürtünməli differensial və Competizione nişanları ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin iş bununla bitmir: Abarth tərtibatı tamamlamaq üçün daha iki paketi təklif edir. Tech paketi avtomobildə əlavə texnologiyalara ehtiyac duyan müştərilər üçün nəzərdə tutulub. Bu paketə avtomatik klimat-kontrol və 7-düymlük ekranı olan Navi sistemi daxildir.

İkinci, Comfort paketi, adından da göründüyü kimi, rahatlıq və premium funksiyalara üstünlük verənlərə ünvanlanıb. Bu dəstə Beats səs sistemi və ksenon fənərlər daxildir.  Bu paketlər həm Abarth 595, həm də Abarth 695 modelləri, həmçinin kupe və kabriolet kuzovları üçün əlçatandır. Record Monza Sovrapposto Exhaust buraxılış sistemi və Brembo əyləcləri kimi məhsuldarlığı artıran sistemlər yalnız ən güclü Abarth 695 modellərinin imtiyazıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.