3 yanvar 1969-cu ildə Almaniyanın kiçik Hürt şəhərində Mixael adlı körpə gözlərini bu dünyaya açıb. Bu, gələcəkdə Formula 1 üzrə yeddiqat dünya çempionu olacaq Mixael Şumaxer idi. “Çox güman ki, ən gənc alman kartinqçisi Niderausemdə yaşayır. Bu oğlanın adı Mixael Şumaxerdir və onun dörd yaşı var. Kiçik yarışçı artıq dörd həftədir ki, atası ilə birlikdə “Qraf Berge fon Tripsin yarış dostları” kartinq klubunun üzvüdür. Onun kartının maksimal sürəti 45 km/saatdır. Kart pedallı maşından düzəldilib və moped mühərrikinə sahibdir”, - 1973-cü ildə alman qəzetləri gələcək əfsanə barədə belə yazırdılar.

Mixaelin məşhur tullanışlarından biri

Ən maraqlısı odur ki, gənc illərində Mixael daha çox futbolçu olmaq arzusundaymış. Lakin, ondan əla futbolçu alınmayacağını görən atası Mixaeli kartinqə yazdırıb. Bundan sonra kartodrom Mixaelin evinə çevrilib. Məsələn, yağışlı havada onun yaşıdları evdə oturarkən, Mixael kartodromda ardıcıl olaraq ,oxsaylı dövrələr vurmağa üstünlük verib. Yaxud, balans və hərəkətlərin koordinasiyasını hiss etmək üçün atçılıq idmanı ilə məşğul olub.

Qeyd etmək lazımdır ki, Mixael digər pilotlardan zəhmətkeşliyi ilə seçilib – hər zaman testlərdə, hər zaman yeni avtomobilin yaradılmasında bilavasitə iştirak etməyə üstünlük verib. Ferrari mühəndislərinin söylədiyinə görə, yeni bolid üzərində qızğın işlərin getdiyi bir vaxtda, onların diqqətinin yayınmasını istəməyən Mixael gecə saatlarında öz maşınında mühəndislər üçün pizza almağa da gedərmiş. 

Bu gün Maranelloda əfsanəvi pilota həsr edilmiş xüsusi sərgi fəaliyyətə başlayıb

Mixael peşəkar pilot olmaq qərarına 1990-cı ildə gəlib. Bu qərar onun Formula 1 çempionatında tarixi debütündən il yarım öncə qəbul olunub. Həmin il Mixael Mercedes komandasının sportprotoiplərində çıxış etməyə başlayıb. Sonrakı hadisələr isə artıq hər kəsin xatirindədir – Bertran Qaşonun taksi sürücüsü ilə münaqişəsi və Mixaelin Jordan komandasında debütü.

Hazırda Mixael Formula 1 üzrə iki rekorda sahibdir: yeddi çempion titulu və 91 qələbə. Mixaelin söylədiyinə görə, o hər yarışdan öncə düzəngahda gəzərək dördyarpaqlı yonca axtararmış və onu tapan zaman işləri yaxşı gedərmiş. Sən demə, 2000-ci ilin iki son yarışında belə olub... Ümid edirəm ki, bu yaxınlarda da həmin dördyarpaqlı yoncanı tapmaq Mixaelə nəsib olub. Onun fanatlarının buna böyük ehtiyacı var. 

Ad günün mübarək Mixael!