Keçən həftəsonu Ostində keçirilmiş Amerik Qran Prisinin qalibi Suzuki komandasının ispan pilotu Aleks Rins olub. Bu Rinsin karyerasındakı ilk qalibiyyəti, Suzuki markasının isə son üç ildə əldə etdiyi ilk qələbədir.

 Suzuki pilotunun qələbə şansı liderlərin buraxdığı səhvlər sayəsində yaranıb. Buna baxmayaraq, Aleks qələbəni öz gücü sayəsində əldə edib. O, qələbə uğrunda mübarizədə Valentino Rossini məğlub edib.

Yarış gününaçıq və quru hava şəraitində keçib. Yağmurlu və ildırımlı şənbə sanki heç olmayıb. Ekstremal şəraitin olması yarışın startının sakit keçməsinə imkan verib – ilk cərgədən start almış Mark Markes, Valentino Rossi və Kel Kratçlou öz mövqelərini qoruyublar. Peletonun dərinliklərindən start alan Andrea Dovitsiozo altıncılığa yüksələrək liderlərə yaxınlaşıb.

Vəziyyət altıncı dövrədən başlayaraq dəyişib – Kel Kratçlounun motosikli 11-ci döngədə sürüşüb və britaniyalı yıxılıb. Qəza sadə görünsə də, LCR Honda pilotu yarışı davam etdirə bilməyib. Təxminən bu an hakimlər falstarta yol vermiş Maverik Vinyalesi cəzalandırıblar və ispan pilot 19-culuğa geriləyib.

Yarışın cansıxıcı keçməsinə doqquzuncu dövrədəki Mark Markesin yıxılması son qoyub. Bu ana qədər qüvvədə olan dünya çempionu peletona inamlı başçılıq edirdi və o Rossi ilə ara məsafəsini dörd saniyəyə qədər artırmışdı. Lakin 12-ci döngəyə giriş zamanı lider səhvə yol verərək yıxılıb, sonra isə motosiklini işə sala bilməyib. Xatırladaq ki, bu günə qədər Markes Ostində keçirilən altı yarışda qalib gəlib.

Bir neçə dövrədən sonra isə, 12-ci dövrədə ikinci zavod Honda baykı yarışı tərk edib - Xorxe Lorenso nasazlığın qurbanı olub. Bundan sonra yarışa Valentino Rossi və Aleks Rins başçılıq edib. İspaniyalı əla start götürərək yeddincilikdən dördüncülüyə yüksəlib. Kratçlou və Markesin səhvlərindən istifadə edən ispan pilot Rossini təqib etməyə başlayıb. Finişə beş dövrə qalmış iki pilotu 0,3 saniyə ayırıb. Üçüncü yerdə yarışa davam edən Cek Miller isə liderlərdən beş saniyə geridə qalıb.

Yarışın sonuna dörd dövrə qalmış Rins hücuma keçərək Rossini ikinciliyə gerilədib. Rossinin həmin dövrədə əkshücum cəhdi uğursuz olub. Bundan sonra Suzuki pilotu rəqibindən uzaqlaşmağa başlayıb və son dövrəyə 0,6 saniyə fərqlə başlayıb. Son dövrədə Rossi Rinsə çatsa da, hücum şansına malik olmayıb.

Beləliklə, Rins karyerasındakı ilk qələbəsini əldə edib, Cek Miller isə ilk dəfə birinci üçlükdə finiş görüb. Andrea Dovitsiozo isə, Markesin səhvi sayəsində yenidən pilotlar birinciliyində liderliyə yüksəlib.