Yazda, İtaliyada keçirilən Giulia GTA/GTAm modellərinin satışının başlanılmasına həsr olunmuş mərasimdə, Alfa Romeo markasının yeni rəhbəri Jan-Filipp İmparato GTV (1994-2004) kimi əfsanəvi bir modeli canlandırmaq barədə düşündüyünü bildirmişdi. İndi isə, Böyük Britaniyanın “Autocar” nəşri yeni model haqqında bəzi detallar aşkar edib.

Alfa Romeo GTV adı altında BMW 4 Series Gran Coupe modelinin üslubunda "dördqapılı kupenin" buraxılacağı və bu ailənin adi mühərriklərlə yanaşı, tamamilə elektrik güc qurğuları ilə təchiz ediləcəyi güman olunur. Əgər ehtimallar doğrudursa, GTV elektrokarı Tesla Model 3 və BMW i4 modelləri ilə rəqabət aparacaqdır.

Alfa Romeo GTV 2000 (1973-cü il)

2018-ci ildə, Alfa Romeo şirkətinin təqdim etdiyi inkişaf planında GTV modeli də yer almışdı. Həmin plana əsasən, GTV (Gran Turismo Veloce) modeli 2,9-litrlik V6 biturbo mühərrikinə əsaslanan 600 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gələn arxa ötürməli kupe olmalı idi.

Kupe demək olar ki, kütləvi istehsal üçün tam hazır idi, lakin Stellantis ittifaqının yaranması və qəbil edilmiş yeni inkişaf istiqaməti, italyan istehsalçısını planlarını yenidən nəzərdən keçirməyə məcbur etdi.

Alfa Romeo GTV (1994-2004)

Buna baxmayaraq, GTV modelinin Alfa Romeo markasının model xəttinə qayıtmaq şansı var. “Autocar” nəşrinin bildirdiyinə görə, avtomobil artıq ikiqapılı deyil, dördqapılı kupe olacaqdır. GTV modeli aralarında hibridlər də olan ənənəvi daxili yanma mühərrikləri və elektrik güc qurğusu ilə təklif ediləcəkdir.

İngilis nəşri GTV modelinin İtalyan markasının flaqmanı və yeni texnologiyaların nümayişçisi olacağına inanır - ən azından dördqapılı kupe üçüncü səviyyəli avtopilota sahib ola bilər.

Alfa Romeo Tonale

Hələlik isə, Alfa Romeo şirkəti Tonale krossoveri üzərindəki çalışmaları bitirmək üzrədir. Üstəlik, italyan istehjsalçısı Alfa Romeo Giulia sedanının, Stelvio krossoverinin və beşinci nəsil Jeep Grand Cherokee ofrouderinin inşa edildiyi Giorgio platformasını nə ilə dəyişdiriləcəyi üzərində düşünür.

Gələcəkdə bu platforma STLA Large arxitekturası ilə əvəz oluna bilər. Yeni platformada Giulia və Stelvio modellərinin davamçıları inşa oluna bilərlər. Əlavə olaraq, STLA Large platforması DS və Lancia modellərinə də qismət ola bilər, çünki hər iki marka Alfa Romeo ilə birlikdə Stellantis ittifaqında “premium” istiqamətinə cavabdehdirlər.