Bu ilin payızında debüt etməsi planlaşdırılan yığcam Alfa Romeo Tonale krossoverinin təqdimatının təxirə salınması ehtimalı var. Automotive News nəşrinin bildirdiyinə görə, italyan markasının icraçı direktoru Jan-Fillip İmparato, hibrid güc qurğunun məhsuldarlığından narazı qalıb və onun təkmilləşdirilməsini tələb edib.

Yeni Alfa Romeo krossoverinin sentyabr ayında nümayiş olunacağı, noyabr ayında isə Avropa bazarında satışa çıxarılacağı güman edilirdi. Bununla birlikdə, krossoverin istehsala buraxılması ilə bir problem yaranıb - səbəb, şirkətin baş direktoru Jan-Fillip İmparatonun hibrid sistemin işindən narazı qalması olub. Hibrid qurğunun yenidən tənzimləməsinə üç ay və ya daha çox vaxt tələb oluna bilər.

Alfa Romeo Tonale krossoverinin Jeep Compass və Renegade modellərinin inşa edildiyi Small Wide 4×4 platformasına əsaslanacağı məlumdur. Mavafiq olaraq, krossoverin 1,3 turbomühərrikin əsasında yaradılan 4xe hibrid qurğusunu alacaqdır. Jeep modellərində bu aqreqat  190 və ya 240 at qüvvəsi (270 Nm) hasil edir. Belə qurğu ilə təchiz edilmiş Compass modeli elektrik ötürməsi ilə 49 kilometrə qədər məsafə qət edir ki, İmparato da bunun qeyri-qənaətbəxş olduğunu hesab edir.

Zahiri cəhətdən Alfa Romeo Tonale modeli, 2019-cu ilin konseptindən elə də fərqlənməyəcəkdir. Böyük ehtimalla, krossoverin istehsalı Pomilyano d'Arkodakı zavodda yerləşdiriləcəkdir. Təqdimatın bu il keçirilib-keçirilməcəyi indi sual altındadır.