Almaniyanın Maqdeburq şəhərində yerləşən Partisan Motors şirkəti Voljsk Avtomobil Zavodunun 50 illik yubileyinə həsr edilmiş və məhdud saylı tirajla buraxılacaq Lada 4x4 modelinin istehsalına başlandığını bildirib. Hər birinin qiyməti 19.990 avro olan ofrouderlər 50 nüsxəlik tirajla buraxılacaqdırlar. Müqayisə üçün, Rusiyada bu məbləğə üç ədəd Lada 4x4 avtomobilini almaq olar.

Yubiley seriyasından olan ofrouder, Avropa bazarında Lada 50th Anniversary Limited Edition adı ilə satılacaqdır. Bu ofrouderlər xüsusi dizayna malik olan bamperləri, BFGoodrich yolsuzluq şinləri, damdakı reylinqləri, təkər tağlarına və kandarlara quraşdırılan plastik örtüklər ilə seçiləcəkdir. 

Salon tərtibarında əsl dəridən istifadə ediləcəkdir – onun tədarükü ilə alman M. E. Bitter Automotive GmbH firması məşğul olacaqdır. Hər bir Lada 4x4 modeli seriya nömrəsi olan lövhəcik və orijinallıq sertifikatı ilə təchiz ediləcəkdir.

Alman Lada 4x4-ün layihəsində, hazırda Avropada özünün dizayn bürosuna rəhbərlik edən,Partisan Motors elektromobilləri üzərində işləmiş və VAZ-2110 layihəsinin baş dizayneri kimi tanınan Yuri Yartsev, elektrik nəqliyyat vasitələri üzrə mühəndis Vladimir Petrov və Moskva yaxınlığındakı Çexovda dizel mühərrikli Lada 4x4 modelinin istehsalı layihəsinin rəhbəri Alexander Romanov və başqaları iştirak edirlər.