Chevrolet şirkəti və McLaren komandası Fernando Alonsonun “İndianapolisin 500 mili” yarışında amerikan şirkətinin mühərrikindən istifadə edəcəyi barədə bəyanət veriblər.

Fernando Alonsonun gələn il Indy 500 yarışında iştirak edəcəyi artıq McLaren Racing tərəfindən təsdiq edilib. Bu dəfə F1 üzrə ikiqat dünya çempionunun çıxış edəcəyi bolidə Honda mühərriki deyil, Chevrolet istehsalı olan V6 mühərriki quraşdırılacaqdır. Xatırladaq ki, 2018-ci ilin mayında “köhnə kərpiclikdə” qələbəni məhz Chevrolet mühərriki ilə təchiz edilmiş Dallara şassisində çıxış edən Penske komandasının pilotu Uill Pauer bayram edib.

Alonso isə Indy 500 yarışında ikinci dəfə çıxış edəcəkdir. 2017-ci ildə ispan pilot Andretti Autosport komandasının tərkibində ikinci cərgədən start alaraq uzun müddət yarışda liderlik edib və qələbə uğrunda mübarizə aparlb. Lakin, tarışın bitməsinə 27 dövrə qalmış onun bolidindəki Honda mühərriki ömrünü sizlərə bağışlayıb.

Chevrolet və McLaren üçün bu əməkdaşlıq yeni olmayacaqdır. Hələ 1966-cı ildə bu iki marka Can-Am seriyasında tərəfdaş olublar. Sonrakı yeddi il ərzində britaniya komandasının avtomobilləri bu seriyadakı yarışların 70 faizində qalib gəliblər. 1968-1970-ci illərdə tərəfdaşlar ardıcıl olaraq 23 yarışda qələbə çalıblar.

Chevrolet markasının 2012-ci ildə IndyCar çemionatında qayıtmasından sonra, bu markanın mühərrikləri ilə çıxış edən avtomobillər 118 yarışdan 73-də qalib gəliblər. Amerikan şirkətinin müştəriləri isə altı dəfə çempionatda qalib gəliblər.