Amerikan Consumer Reports qeyri-kommersiya təşkilatı 2022-ci ilin ən yaxşı avtomobil brendlərinin reytinqini açıqlayıb. Reytinqin lider 81 xal toplamış Subaru markası olub. İlk onluğa Mazda və BMW (hər ikisi 78 xal), Honda və Lexus (77 xal), Audi (75 xal), Porsche, Mini və Toyota (hər üçü 74 xal) habelə Infiniti (72 xal) markaları daxil olmağı bacarıblar. Ən pis nəticəni Jeep, Mitsubishi, GMC və Land Rover markaları göstəriblər. Bu markalar reytinqdə son yerləri tutublar.

Consumer Reports təşkilatının yekun qiymətləndirməsi (100 xallıq şkala üzrə) dörd kriteriyaya əsasən formalaşır – ekspertlər təhlükəsizliyi, avtomobil sahibinin məmnuniyyətini, etibarlılığı və yol sınaqlarının nəticələrini nəzərə alırlar.   

Analitiklər həm obyektiv (krəş-testlərin nəticələri, nasazlıqların sayı), həm də subyektiv (avtomobil sahiblərinin sorğusu) məlumatlardan yararlandıqlarını gizlətmirlər. Consumer Reports təşkilatının illik reytinqi avtobrendləri onlarla kriteriyaya görə qiymətləndirilməsini nəzərdə tutur və ən balanslaşdırılmış avtomobilləri olan markaları müəyyən etməyə imkan verir.

Amerikan brendləri arasında ən yaxşı nəticəni Buick (72 xal) markası qeydə alıb, Tesla isə 60 xal toplayaraq, Chevrolet və Mercedes-Benz ilə birlikdə 32 yerdə qərarlaşıb. Ekspertlər Tesla brendinin daha yaxşı nəticəyə nail ola biləcyini də qeyd ediblər,  lakin seriya modellərində sükan əvəzinə quraşdırılan şturval işləri korlayıb.

Consumer Reports təşkilatı, Subaru, Mazda və Honda kimi markaların əldə etdiyi yüksək nəticələrə dayanaraq, təhlükəsiz, rahat və etibarlı avtomobil almaq üçün lüks brendə əlavə pul ödəməyin gərəksiz olduğunu bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.