Aston Martin şirkəti son 22 ildə ilk dəfə olaraq altısilindrli modeli buraxıb. Çində debüt edən DBX Straight Six modeli sıralı 3,0-litrlik altısilindli mühərrik ilə təchiz edilib. Hibrid güc qurğusu və transmissiya Mercedes-AMG GLE 53 4Matic+ modelindən götürülüb, odur ki, güc qurğusunun xarakteristikaları sürpriz olmayıb – hibrid aqreqatın hasilatı 435 at qüvvəsi və 520 Nm təşkil edir. Bahalı V8 mühərrikindən imtina vergi güzəştlərinin tətbiq edilməsinə və qiymətin azalmasına gətirib çıxarıb.

Aston Martin şirkəti DBX Straight Six modelinin Çin bazarı üçün eksklyuziv olduğunu və altısilindrli mühərriklə təchiz edilmiş krossoverlərin Səma İmperiyasından kənarda satılmayacağını bildirib. Belə modelin çinli alıcılar üçün sərfəli olmasının səbəbi məlumdur: DBX Straight Six modeli vergi güzəştləri tətbiq edilən kateqoriyaya düşür və 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunmuş krossoverdən 20% ucuzdur.

Zahiri cəhətdən altısilindrli versiyanı ön qanadlardakı Straight Six emblemləri və kapotdakı başqa hava girişləri sayəsində tanımaq olar. Ən əsası isə, güc qurğusu “mülayim” hibriddir – sürətlənmə zamanı benzin mühərrikinə 22 at qüvvəsi və 250 Nm hasil edən elektromotor yardım edir. Bununla belə, altısilindrli versiya səkkizsilindrlidən nəzərəçarpacaq dərəcədə yavaşdır: 100 km/saat həddinə sürətlənmə 5,4 saniyə çəkir, maskimal sürət isə 250 km/saat təşkil edir. Xatırladaq ki, V8 mühərrikli versiyada bu göstəricilər, müvafiq olaraq, 4,5 saniyə və 282 km/saatdırlar.

İnteryerə gəldikdə isə, altı və səkkiz silindrli modellər heç nə ilə fərqlənmirlər. Üstəlik, DBX Straight Six modeli üçün “böyük” versiya üçün əlçatan olan eyni opsiya və texnologiyalar təklif edilir. Məsələn, 22-düymlük təkər disklərini əlavə ödəniş qarşılığında quraşdırmaq olar, adaptiv amortizatorlar, aktiv köndələn dayanıqlılıq stabilizatorları və arxa differensialın elektron kilidi isə standart təchizata daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində Aston Martin Straight Six modeli 1.898.000 yuana (505.380 manat) satılır. Səkkizsilindrli versiyanın qiyməti isə 2.298.000 yuandan (611.890 manat) başlayır. Gələn il DBX xəttini “bərkgedən” DBX S versiyası və qoşulan hibrid modifikasiyası tamamlamalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.