Xatırlayırsınız isə, keçən il Aston Martin şirkəti ilə Quintessence Yachts firmasının birgə layihəsi olan AM37 qayığı haqqında məlumat vermişdik. O zaman tərəflər bu layihəni həyata keçirmək haqqında razılığa gəldiklərini bildirmişdirlər. Bu günlərdə tərəfdaşlar qayığın ilk nüsxəsini Milan Design Week sərgisində təqdim edəcəklərini bəyan etmişdirlər. Onlar qayığın texniki göstəricilərini gizli saxlasalar da, onun, «dizayn və texnikanın, məhsuldarlıq və komfortun, dəbdəbə və funksionallığın ideal vəhdətinin bariz nümunəsi» olduğunu bildirmişdirlər.

Dəbdələbi qayığın uzunluğu 37 fut təşkil edir ki, bu da təxminən 11,5 metrə bərabərdir. AM37 qayığının maksimal sürəti 50 dəniz mili (90 km/saat) təşkil edir. Qayığın daha güclü variantı olan AM37 S modifikasiyasının maksimal sürəti isə 69 dəniz milidir ki, bu da 110 km/saat sürətinin ekvivalentidir. 

Qayıq karbondan və digər kompozit materiallardan hazırlanmış yüngül, eyni zamanda möhkəm korpusa malikdir. Qayığın dizaynı üzərində Mulder Design studiyası işləmişdir. 

Aston Martin AM37 qayığının kabinasına nəzər salsaq, luyks avtomobillərə xas olan incə dəri ilə örtülmüş oturacaqları, karbondan hazırlanmış işləmələri, həmçinin, Aston Martin markasına xas üslubda hazırlanmış sükan çarxını görmək olar. 

Bundan əlavə, qayığın rəqəmsal cihazlar paneli, yüksək kefiyyətli multimedia sistemi və sürətlər qutusunun selektorunu xatırladan dəri ilə örtülmüş drosselini də qeyd etmək olar. 

Hal-hazırda qayışın satılacağı qiymət barədə dolğun məlumata malik olmasaq da, Aston Martin AM37 qayığının Quintessence Yachts firmasının Böyük Britaniyadakı tərsanəsində buraxılacağını bilirik.

Qeyd etmək lazımdır ki, bu avtomobil istehsalçısı ilə gəmiqayırma tərsanəsi tərəfindən hazırlanmış ilk birgə layihə deyildir. Bundan əvvəl, Mercedes-Benz şirkəti ilə Cigarette Racing tərsanəsi Cigarette Racing 50 Marauder GT S və Cigarette Racing Team 41'SD GT3 layihələrini təqdim etmişdilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt