Aston Martin markasının ilk krossoveri olan DBX modelinin təqdimatının 20 noyabr tarixində keçiriləcəyi artıq məlumdur. Bu tarix yaxınlaşdıqca Britaniya markası tizerlərin dərc edilməsi intensivliyini artıracaqdır.

Bu gün şirkət Aston Martin DBX modelinin arxa işıq texnikasını nümayiş etdirən vidoetizeri dərc edib. Tizerdən də göründüyü kimi, krossoverin arxa işıq texnikasının forması Aston Martin Vantage modeli ilə bənzərlik nümayiş etdirir.

Aston Martin DBX modeli 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki, 9-pilləli “avtomat” və ön oxu qoşan muftası olan  paylayıcı qutu ilə təchiz ediləcəkdir. Bu aqreqatların Mercedes-Benz mənşəli olduğunu anlamaq çətin deyil. Bununla belə, Aston Martin DBX DB11 və DBS sportkarları ilə unifikasiya edilmiş platformaya malikdir.

Eyni zamanda, Aston Martin krossoverin qiymətini də açıqlayıb: DBX modeli Asropada 193.500 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. Çinlə yanaşı modelin əsas bazarları ABŞ və Yaxın Şərq olacaqdır. Qeyd etmək lazımdır ki, Aston Martin artıq DBX modelinə öncədən sifarişləri qəbul edir. Modelin müştərilərə çatdırılmasına 2020-ci ilin yayında başlanacaqdır.