Audi A4 ailəsi bu ilin yayında yenilənməyə məruz qalıb. Lakin, sən demə almanlar model üçün daha geniş yenilənmə hazırlayıblar. Bunu söyləməyə bu yaxınlarda paparazzilərə rast gələn kamuflyajlı Audi A4 Avant universalı imkan verir.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, yenilənmiş Audi A4 modeli yeni radiator barmaqlığına və ön bamperə sahib olacaqdır. Lakin, ən əsası isə ön fənərlərin formasıdır - bu fənərlər A7 Sportback modelinin ön işıq texnikasını xatırladır. Arxa tərəfdə də bamperdəki yeni dekor elementləri və buraxılış sisteminin düzbucaqlı çıxış borularını görmək olar.

Zahiri dəyişikliklərdən başqa, avtomobilin mühərrik çeşidinin də yenilənməsi gözlənilir. Artıq modelin mühərrik çeşidindən 150 at qüvvəli 1,4-litrlik TFSI, həmçinin 218 və 272 at qüvvəli 3.0-litrlik TDI mühərrikləri çıxarılıbdır. Hazırda sedan və universal 150 və 190 at qüvvəli 2,0-litrlik benzin turbomühərrik, həmçinin eyni həcmə və güc xarakteristikalarına malik olan dizel aqreqatları  ilə təklif edilir.  Gələcəkdə bu sıraya 204 at qüvvəli 2,0-litrlik dizel aqreqatı da qoşula bilər.

Ən maraqlısı isə, alman saytında S4 və RS4 modelləri mövcud olsalar da, onların altında belə bir yazı vardır: «Aktual 2018-ci model ilində bütün maşınlar satılıbdır, bu səbəbdən də konfiqurator işləmir. Yalnız istehsal edilimiş dilerlərdə olan modellər qalıbdır». Bu restaylinqdən öncəki fasiləyə işarə edir, çünki bu müddət ərzində texnikada da nəisə dəyişə bilər. Yeni A4 modelinin yumşaq hibrid güc aqreqatları ilə də təchiz edilə bilər.

Mənbə: Motor1.com