Keçən il Audi şirkəti Formula E çempionatını tərk edəcəyini bildirmişdi. Bununla belə, almanlar öz qüvvələrini başqa idman növündə - Dakar ralli-marafonunda sınayacağını açıqlayıblar. Bu planı həyata keçirmək üçün, yeni yaradılmış Q Motorsport komandası seçilib.

Yeni komanda, Mini şirkəti üçün Dakar ofrouderlərini hazırlayan X-Raid firmasına rəhbərlik edən Sven Qvandt tərəfindən yaradılıb. Bununla belə, Qvandt Mini ilə (yəni BMW ilə) əməkdaşlığını davam etdirmək niyyətidnədir. Q Motorsport komandası isə, bildirildiyi kimi, müstəqil və paralel olaraq işləyəcəkdir.

Qeyd etmək gərəkdir ki, yeni komandanın həqiqətən öz texnikası olacaqdır. Çalışmaların başlanılmasından bir il keçməmiş, Q Motorsport komandası tərəfindən hazırlanmış Audi RS Q e-tron ofrouderinin ilk sınaq prototipinin testlərinə start verilib.

Ardıcıl hibrid sistemə sahib olan tam ötürməli ofrouderin nisbətləri və dizaynı Audi markasının seriya modellərindən tamamilə fərqlidir. Bu layihə vasitəsi ilə, alman istehsalçısı gələcək seriya avtomobilləri üçün yeni həllər axtardığını və sınaqdan keçirdiyini göstərmək istəyir.

Audi RS Q e-tron yalnız elektrik ötürməsi ilə hərəkət edir: ön və arxa oxların hər birində bir elektrik mühərriki quraşdırılır. Bu aqreqatlar, Formula E seriyasında yarışan Audi e-tron FE07 bolidlərində istifadə edilən, lakin başqa avtomobildə quraşdırılmaq üçün yüngül şəkildə uyğunlaşdırılmış elektrik mühərriklərdir.

Hibrid qurğu 500 kilovata (680 at qüvvəsi) qədər güc hasil edə bilər, lakin nəticədə onların gücü alternativ güc qurğuları ilə təchiz edilmiş avtomobillər üçün hazırlanacaq qaydalardan asılı olacaqdır.

Avtomobil 370 kiloqram ağırlığı olan 50 kilovat-saatlıq dartma batareyasına malikdir. Batareyanın enerjisinin bərpa edilməsinə generator rolunu oynayan benzin aqreqatı cavabdehdir. Bu, vaxtı ilə DTM seriyasında çıxış edən Audi RS5 DTM bolidindən götürülmüş 2,0-litrlik dördsilindrli turbomühərrikdir.

Mühərrik ən səmərəli sabit rejimdə (4500-6000 dövr/dəqiqə) işləyəcəkdir.  Hesablamalara görə, onun yanacaq sərfiyyatı hasil edilən bir kilovat-saat elektrik enerjisi üçün 200 qramdan az olmalıdır. Bununla birlikdə, sürücünün arxasında yerləşən yanacaq çəninin tutumu kifayət qədər böyükdür - 295 litr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda yarış hibridinin sınaqları Almaniyada, Noyburq yaxınlığındakı poliqonda həyata keçirilir. Qarşıda komandanı böyük həcmli çalışmalar gözləyir. Buna baxmayaraq, Q Motorsport komandası 2022-ci ilin yanvarında Dakar marafonun startına hazır hibridləri gətirməlidir. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.