Audi şirkəti e-tron GT dördqapılı kupesinin detallarının nümayiş olunduğu iki dəqiqəlik videoçarxı yayımlayıb. Seriya istehsalı bir neçə ay əvvəl başlayan idman avtomobili rəsmi olaraq 9 fevralda onlayn təqdimat formatında debüt edəcəkdir. Sifarişlərin qəbuluna təqdimatdan dərhal sonra başlanacaqdır.

Videoda Audi e-tron GT modelinin buraxıldığı alman markasının texnoloji cəhətdən ən qabaqcıl müəssisəsi nümayiş etdirilir - Almaniyanın Nekkarzulmdaki Böllinger Höfe zavodunda 2014-cü ildən bəri Audi R8 superkarı istehsal olunur. Elektromobil yığılmasına dekabrın əvvəlində başlanılıb və Almaniyada yığılan ilk “yaşıl” Audi modeli olub. Xatırladaq ki, e-tron krossoverləri Belçika və Çində buraxılır.

Yeni görüntülər bir daha təsdiqləyir ki, e-tron GT modelinin seriya versiyası, 2018-ci ilin sonunda nümayiş etdirilən eyni adlı konseptin demək olar ki, dəqiq surəti olacaqdır. Fərqləır arasında daha iri ölçülü yan güzgülər və ənənəvi qapı tutacaqları var.

Möhtəşəm qrand turerin əsasını Porsche və Audi şirkətlərinin birgə hazırladığı J1 platforması təşkil edir. Xatırladaq ki, Porsche Taycan elektrokarı da bu platformada inşa edilib. Çox güman ki, e-tron GT və Taycan modellərini ayırmaq üçün, Volkswagen Qrup iyerarxiyasında daha aşağıda yerləşən Audi, oxşar güc qurğusu ilə təklif olunmayacaqdır. Audi e-tron GT konsepti ümumi gücü 590 at qüvvəsi olan iki sinxron elektrik mühərriki ilə təchiz olunmuşdu. Konsept 100 km/saat həddini 3,5 saniyəyə toplayırdı.

Audi e-tron GT modeli “bərkgedən” RS versiyasında da təklif ediləcəkdir. İlkin məlumatlara görə, “bərkgedən” elektrokar 684 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edən iki mühərrik və 83,7 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektrokar da konsept kimi 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcək və enerji doldurulmadan 400 kilometrə qədər məsafə qət edəcəkdir. Daha sonra üçmühərrikli versiya da debüt edə bilər.

Bundan əlavə, RS indeksli liftbek sərtliyi tənzimlənən pnevmatik asqı və klirensi, hbaelə karbon-saxsı əyləcləri alacaqdır.