Audi həvəskarlarına alman markasının yeni kupe-krossover hazırladığı artıq bəllidir. Dərgimiz dəfələrlə yeni krossoverin sınaqlarda iştirak edən prototiplərinin şəkillərini dərc edərək, yeni model haqqında məlumat verib.

Əslində Audi bu seqmentə ayaq basmaqda bir qədər gecikib. Görünən odur ki, alman markası bu gecikməni tezliklə aradan qaldırmaq niyyətindədir. Artıq Q8 modeli rəqiblərinə meydan oxumağa başlayıb. Lakin, yığcam kupe-kross seqmentində Audi şirkətinin payını digər istehsalçılar həzmi-rabedən keçirirlər. Əlbəttə ki, Audi bununla razılaşa bilməz və öz tikəsini rəqiblərin əlindən almaq üçün yeniliklər hazırlayır.

Söhbət, əgər Alfa Romeo insafa gələrsə Audi Q4, gəlməz isə, Q3 Sportback modelindən gedir. Bu günlərdə Motor1 saytının dizaynerləri yeni krossoverin xarici görünüşünü əks etdirən renderləri hazırlayıblar. Əslində bu o qədər də çətin iş deyil - adi Q3 krossoverini götürərək onu maili tavan daha gözəçarpan ön və arxa qanadlar ilə təchiz etmək kifayətdir ki, BMW X2 və Mercedes-Benz GLA krossoverlərinin rəqibi qarşınızda canlansın.

Image alt Image alt Image alt Image alt Image alt

Kupe-krossun texniki hissəsinə gəldikdə isə, burada Audi Q3 modeli ilə elə də güclü fərq olmalı deyil. Hər iki model eyni mühərrik çeşidinə, transmissiyalara və avadanlıq siyahısına malik olacaq. RS variantlarını da unutmamaq gərəkdir.

Şayiələrə inansaq, Audi Q3 Sportback/Q4 bu ilin üçüncü rübündə debüt etməlidir. Onun satışlarına isə, ilin sonunda başlanmalıdır. RS variantını arzulayanlar isə, 2020-ci ili gözləməli olacaqdırlar.