Audi şirkəti yenilənmiş Q5 krossoverini təqdim edib. Krossoverin yenilənməsi Audi A4/A5 ailəsi ilə eyni ssenariyə uyğun olaraq həyata keçirilib. Avtomobilin yan tərəfinin dizaynına toxunmayıblar - əsas dəyişiklilər ön və arxa hissədə baş verib.

Krossover yeni bamperlərə, ön fənərlərə və radiator barmaqlığına sahib olub. Radiator barmaqlığı fənərlərdən kuzov rəngində olan haşiyə ilə ayrılıblar. S Line dəsti ilə təchiz edilən krossoverlərdə radiator toru şanı formasındadır, adi modellərdə isə barmaqlıq üfüqi zolaqlardan ibarətdir. Qapıların altındakı yeni örtüklər vizual olaraq krossoverin klirensini artırmağa xidmət edirlər. 

Daha dolğun bamperlər avtomobilin uzunluğuna 19 millimetr əlavə ediblər. İndi bu göstərici 4682 millimetr təşkil edir. Bundan başqa, artıq Audi Q5 modelini 21-düymlük təkər diskləri ilə də sifariş etmək olar. Əvvəllər Q5 üçün təklif edilən ən iri disklər 20-düymlük ölçüyə malik idilər.

Ön fənərlər, əvvəlki kimi, LED texnologiyasına malikdirlər, lakin əlavə ödənişlə onları matrisa fənərləri ilə əvəz etmək olar. Yeni opsiya - ən incə üzvi işıqdiodlarından (OLED) hazırlanmış arxa fənərlərdir.

Belə fənərlər dörd il əvvəl Audi model TT RS sportkarında debüt ediblər. Bu fənərlər qeyri-adi parlaqlığı və rəvan işıqlandırması ilə fərqlənirlər. Üstəlik bölmələrin konfiqurasiyasını da dəyişdirmək mümkündür.

Məsələn, başqa bir avtomobil hərəkətsiz dayanmış Audi Q5 modelinə iki metrdən az məsafədə yaxınlaşırsa, elektronika işıqların bütün seqmentlərini işə salır, hərəkətə başlandıqdan sonra onları başlanğıc işıqlandırma dizayna qaytarır.

Salondakı dəyişikliklər cüzi xarakter daşıyır. İnteryerdəki əsas yenilik 10,1-düymlük sensorlu ekranı olan yeni nəsil MMI multimedia sistemidir. Mühəndislər şayba formalı idarəetmə qurğusundan tamamilə imtina ediblər. İndi,multimedia sistemini yalnız səsli əks əlaqəsi olan sensorlu displey və ya səsli komandalar vasitəsi ilə idarə etmək olar.

Üstəlik, avtomobil satın alındıqdan sonra, multimedia sisteminin funksionallığı qanuni olaraq genişləndirmək olar. Sistem smartfondan girişi konfiqurasiya etməyə imkan verir, naviqasiya sistemi isə Car-to-X protokolundan istifadə edərək ətraf infrastruktur ilə məlumat mübadiləsini həyata keçirir. 

Krossover standart olaraq analoq cihazlar paneli ilə təklif edilir, lakin əlavə ödənişlə 12,3-düymlük virtual cihazlar panelinin proyeksiya displeyi ilə birləşməsini sifariş etmək olar.

İlkin olaraq, krossover Avropa bazarında Audi Q5 40 TDI versiyasında satışa çıxarılacaqdır. Bu modifikasiya 204 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərriki, start-stop funksiyasını yerinə yetirən və 22 km/saat sürətində mühərriki söndürən 12 voltluq startyor-generator ilə təchiz olunur. 

Mülayim hibrid sistem 100 kilometr məsafəyə 0,3 litr dizel yanacağına qənaət etməyə imkan verir. 40 TDI indeksli krossover 7-pilləli S tronic “robotu” və arxa oxu qoşan iki muftası olan quattro ultra sistemi ilə də təchiz edilir. Audi Q5 40 TDI modeli 100 km/saat həddinə 7,6 saniyəyə sürətlənir.

Bundan başqa, yenilənmiş Q5 modelinin mühərrik çeşidinə iki ədəd 2,0-litrlik dizel aqreqatı və iki ədəd 2.0-litrlik benzin turbomühərriki daxil ediləcəkdir. Bu areqatların hər biri 12 voltluq hibrid əlavəyə sahib olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən güclü 3.0-litrlik V6 turbodizeli yalnız bir güc variantında və 48 voltluq startyor-generator ilə təklif ediləcəkdir. Əlbəttə ki, 299 və ya 367 at qüvvəli qoşulan hibrid güc qurğuları da mühərrik çeşidində yer alacaqdırlar.

Yenilənmiş Audi Q5 krossoverinin Avropadakı satışlarına payızda start veriləcəkdir. Sonradan “bərkgedən” Audi SQ5 modeli yenilənəcək və BMW X4 və Mercedes GLC Coupe modelləri ilə rəqabət aparacaq kupeşəkilli Audi Q5 Sportback krossoveri debüt edəcəkdir.