Audi şirkətinin rəhbəri Markus Düsmann yeni Q6 e-tron modelinin 2022-ci ildə satışa çıxacağını təsdiqləyib. AutoExpress.co.uk nəzrinin bildirdiyinə görə, yeni krossover PPE platformasında inşa ediləcək, əsas komponentlər və aqreqatlarını isə Porsche Macan EV modeli ilə bölüşəcəkdir.

Audi Q6 e-tron elektrik krossoveri, alman markasının Porsche ilə birlikdə hazırladığı Premium Platform Electric (PPE) arxitekturası üzərində qurulan ilk modellərindən biri olacaqdır. Yeni krossover Audi model cərgəsində Q4 e-tron ilə e-tron modelləri arasında boş qalan yeri tutacaq və ölçülərinə görə Audi Q5 ilə müqayisə ediləcəkdir. Q6 e-tron modeli 470 at qüvvəli elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. Eyni zamanda, modelin 636 at qüvvəli RS versiyasının təklif ediləcəyi də gözlənilir.

Q6 e-tron modelinin yığılması Inqolştadtdakı zavodda aparılacaqdır. Bu zavodun istehsal gücləri elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün uyğunlaşdırılacaqdır. Bu müəssisənin yanında batareya istehsalı ilə məşğul olacaq zavodun inşa edilməsi planlaşdırılır.

Bundan əvvəl, Audi şirkətinin cari nəsil benzin və dizel mühərriklərindən imtina edəcəyi məlum olub. Yaxın gələcəkdə Avropada ekoloji standartların sərtləşdirilməsi və Euro-7 normalarının tətbiqi alman istehsalçısını yeni daxili yanma mühərriklərinin yaradılması üzrə çalışmaları dayandırmağa məcbur edib.

Mənbə: AutoRxpress.co.uk