Böyük ehtimalla, Audi şirkəti yaxın günlərdə işinə başlayacaq Cenevrə avtosalonunda yeni nəsil Audi A6 modelini təqdim etməyə hazırlaşır. Buna bu günlərdə alman istehsalçısının yaydığı tizer işarə edir.

Keçən ilin dekabrında Audi şirkəti, yeni modelin buraxılışını dəstəkləmək məqsədi ilə, 21 dekabr tarixindən başlayaraq xüsusi film müsabiqəsinə də start verdiyini bəyan etmişdi.  Alman şirkətinin nümayəndələri yeni A6 modelinin dünya təqdimatına «öz baxışını nümayiş etdirəcək gənc və istedadlı rejissorları axtardıqlarını» da bildiriblər. Eyni zamanda, müsabiqədə iştirak etmək arzusunda olan şəxslər daha çox rahatlığı, idman xarakteristikalarını və rəqəmsallığı ön plana çıxarmalıdırlar.

Altı ən yaxşı ideyanı təqdim edən şəxslər 15 yanvar tarixində yeni Audi A6 modelini sınaqdan keçirmək üçün İnqolştadta dəvət ediləcəkdirlər.  Eyni zamanda, qaliblər təklif etdikləri ideyanı filmə çevirmək üçün 15 min avro məbləğində maliyyə vəsaiti alacaqdırlar. Filmlərin çəkilişi 12 fevral tarixinə kimi başa çatmalıdır. Təqdim olunacaq işlərin arasından seçiləcək üç ən yaxşı film Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir ki, bu da yeni modelin İsveçrədə təqdim olunacağından xəbər verir.