Bu gün Audi şirkəti Niderlandda yeni e-tron modelinin istehsalına start verib. Autoweek.nl saytının verdiyi məlumata görə, “Mission Zero” adlı tədbirdə İnqolştadt istehsalçısı iki yeni seriya elektrokarını buraxacağını bəyan edib .

Bu avtomobillərdən birincisi, bir müddət bundan öncə konsept şəklində nümayiş etdirilmiş e-tron GT liftbekidir. İkinci elektrokar isə krossover olmalıdır. Doğrudur, alman istehsalçısının nümayiş etdirdiyi şəkil müəmmalı görüntüyə malik olsa da, həmin şəkildə krossoverin təsvir olunduğu aşikardır. Konseptin iri radiator barmaqlığına və hava girişlərinə sahib olduğu dərhal nəzərə çarpır. Bundan başqa, nazik formalı işıq texnikasını, iri təkər disklərini və güclü qanad xəttini də görmək mümkündür.

Yeni elektrokar barədə məlumatın az olmasına baxmayaraq, Audi şirkətinin eksteryerlər üzrə dizayneri Andreas Mindt yeni modelin e-tron və e-tron GT modellərinə nisbətən daha əlçatan qiymətə satılacaq yığcam elektrik krossoverinin olacağını bildirib.  

Yeni krossoverin əsasını MEB modul platforması təşkil edəcəkdir. Bu platformada Volkswagen şirkəti I.D. ailəsindən olan elektrokarları istehsal edəcəkdir.