Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov Aurus Komendant modelinin yeni debüt tarixini açıqlayıb - dəbdəbəli rus krossoverinin təqdimatı 2021-ci ilin payızına qədər təxirə salınıb. Avtomobilin serya istehsalının 2022-ci ilin yazında başlaması planlaşdırılır. Aurus markasının model xəttində ən böyük tələbata malik olduğu hesab edilən Aurus Komendant krossoverinin istehsal tarixi ikinci dəfə təxirə salınır.

Aurus Komendant krossoverinin görünüşü və texniki xüsusiyyətləri artıq sirr deyil: avtomobilin eksteryer şəkilləri "Rospatent" idarəsinin bazasında aşkar edilib. Zavoddaxili EMP-4124 indeksinə malik olan Aurus Komendant "Vahid Modul Platforması" layihəsi çərçivəsində inşa ediləcəkdir.

Krossoverin əsasını Senat S600 sedanın və Senat L700 limuzinin inşa edildiyi platforma təşkil edir. Markanın bütün avtomobilləri Rusiyanın KATE şirkətinin doqquz pilləli avtomatik transmissiyası, 40 at qüvvəli elektrik mühərriki və tam ötürmə sistemi ilə tandemdə çalışan 598 at qüvvəli (880 Nm) 4,4-litrlik V8 benzin mühərriki ilə təchiz edilirlər.

Sedan və krossoverin nəinki şassisi, həmçinin kuzovlarının güc strukturu da eynidir – krossover orta dirəyə qədər Senat S600 modeli ilə unifikasiya edilmişdir. Komendant modelinin klirensi 200 millimetr olacaqdır.

Aurus Komendant modelinin təqdimatı bu ay Moskvada keçirilməli olan avtosalonda baş tutmalı idi, ancaq COVID-19 pandemiyası səbəbindən təqdimat təxirə salınıb. Ötən ilin dekabr ayında Rusiyanın sənaye naziri Denis Manturov krossoverin 2020-ci ilin əvvəlində debüt edəcəyini, istesehsalının isə 2021-ci ildə başlanacağını bildirmişdi. Avtomobil Alabuqadakı Ford Sollers şirkətinin zavodunda istehsal ediləcəkdir.