Bu günlərdə müzəffər Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazisi olan Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus hərbi obyektlərə sarsıdıcı zərbələr vurmağa davam edir. Hər gün Müdafiə nazirliyinin Youtube kanalında dərc edilən videoçarxlarda düşmənin hərbi texnikasının və canlı qüvvəsinin Milli Ordumuzun Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyinin şahidi oluruq.

İzləməkdən doymadığımız videolardakı bu zərbələri həyata keçirən silahlı pilotsuz uçan aparatlar (SPUA) arasında qardaş Türkiyə Cümhuriyyətinin Baykar Makina şirkətinn istehsalı olan Bayraktar TB2 aparatı da vardır.

Bayraktar TB2 - ortahündürlüklü əməliyyat-taktiki pilotsuz uçan zərbə aparatıdır. Qeyd etdiyim kimi, Bayraktar Makina şirkətinin istehsalı olan bu aparat uzun müddət səmada qala bilir. 2014-cü ilin avqust ayında TB2 taktiki ortahündürlüklü PUA sinifində uçuş müddəti üzrə dünya rekorduna imza atıb. TB2 8 kilometr hündürlükdə 24 saat 34 dəqiqə qalmağa müvəffəq olub.

Bayraktar PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. Bayraktar TB2 modelinin texniki xarakteristikaları belədir:

  • Uzunluğu: 6,5 metr
  • Qanadların genişliyi: 12 metr
  • Maksimal uçuş çəkisi: 650 kiloqram
  • Yükgötürmə qabiliyyəti: 55 kiloqram
  • Maksimal sürəti: 222 km/saat
  • Kreyser sürəti 130 km/saat 
  • Fəaliyyət radiusu: 150 kilometr
  • Tavanı: 8200 metr
  • Avtonomluğu: 24 saat

Bayraktar TB2 modeli Rotax 912 daxili yanma mühərriki ilə təchiz edilir, onun korpusu kompozit materiallardan hazırlanır. PUA avtomatik qalxış və eniş sistemləri ilə təchiz edilir.

TB2 idarəolunan tank əleyhinə raketləri və aviasiya bombalarını daşıya bilir. Məsələn, UMTAS tank əleyhinə raket kompleksi 2015-ci ildə uğurla sınaqdan çıxarılıb. Bu gün Qarabağda məhv edilən düşmən tankları bir daha bu faktı sübut edir.

Asqısında dörd raket olan Bayraktar TB2 pilotsuz uçan aparatı 12 saat səmada qala bilər. Bu , havada daima növbədə olmağa, hədəflərin aşkarlanması halında tez bir zamanda cəbhə xəttinə yaxınlaşaraq raket zərbəsi endirməyə imkan verir. Qeyd etmək lazımdır ki, SPUA hərbi aviasiya ilə müqayisədə daha çevikdir və dar zaman çərçivəsində hədəfləri effektiv şəkildə vurmağa imkan verir.

Bayraktar TB2 PUA-sı ilk dəfə 2016-cı ildə kürd terrorçu dəstələrinə qarşı tətbiq edilib. İlk döyüş tətbiqi PUA-nın xarakteristikalarını təsdiq edib. 2019-cu ildə TB2-dən Liviyada Haftarın qoşunlarına qarşı istifadə edilib. 2020-ci ilin fevralında TB2-dən Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətində həyata keçirilən «Bahar qalxanı» əməliyyatında geniş şəkildə istifadə ediblər.

Nəhayət, bu günlərdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda döyüşərək tarix yazan şanlı Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlarında Bayraktar TB2-dən uğurla istifadə edilir. Buna müzəffər ordumuz tərəfindən məhv edilmiş düşmənin çoxsaylı hərbi texnikası və canlı qüvvəsi dəlalət edir.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Qələbə bizimlədir!