Son günlərdə MAX-ların yenidən testlərə başlaması ilə bağlı xəbərlər yayılıb. Lakin Federal Aviasiya İdarəsinin (FAA) rəhbəri Stefen Dikson bildirib ki, bu modelin yenidən sertifikatlaşdırılması prossesi ilə bağlı hələ ki, rəsmi təqvim və proqram yoxdur. Təyyarənin göylərə hərtərəfli və diqqətli nəzərdən keçirildikdən sonra qayıda biləcəyi bir daha xüsusilə vurğulanıb.

Sertifikatlaşdırılma üçün təyyarələrin yenidən testlərdən keçməsi, pilotların yenidən təlimlərə cəlb edilməsi, təyyarənin dizaynına bir daha nəzər yetirilməsi vacibdir. Dikson bildirib ki, bütün bu prosseslərə nəzarət Boeing-in yox, FAA-nın əlindədir. MAX-ın uçuşlarına qadağa qoyulandan sonra istehsal edilən təyyarələrin uçması üçün qərar verəcək orqan da məhz FAA-dır.

Pilotların təliminin bu təyyarələrə uçmaq icazəsi verilənə qədər tamamlanacağı da bildirilib. Həm də, MAX-ların hər iki qəzasında əsas səbəb kimi göstərilən proqram təminatı xüsusilə incələnməli və lazım olan dəyişikliklər edilməlidir. Dikson söz verib ki, hər şey qaydasına düşdükdə, özü də bir dəfə 737 MAX-ı idarə edəcək - uçuşa icazə verilməsi üçün özü hər şeydən əmin olmalıdır.

Bütün problemlər və maneələr aradan qalxdıqdan sonra 15 aydır uçmayan MAX üçün yaşıl işıq yandırılacaq və ondan istifadə edən bütün aviaşirkətlərə Uçuşa Əlverişlilik Təlimatı göndəriləcək.