"Göylərin Kraliçasının" yolun sonuna yaxınlaşması barədə xəbəri nüfuzlu Bloomberg resursu yayıb. Altmışıncı illərin sonunda - səsdən sürətli təyyarələrə marağın böyük olduğu bir dövrdə təqdim edilən təyyarə ilk uçuşunu reallaşdırdığı 1970-ci ildən bəri dünyanın ən populyar təyyarəsi ünvanını əlində saxlayır. Aviaşirkətlərin A350, B777 kimi təyyarələrə üstünlük verdiyindən, rəqibi A350 kimi, onun da sonunun yaxınlaşdığını demək olardı, lakin koronavirus pandemiyası deyəsən, bu prosesi də sürətləndirib.

Sürətlə inkişaf edən texnologiyalar, Airbus A350 və Boeing 777 (həmçinin 777x) kimi təyyarələrin çox uzun məsafələrə uçması və kifayət qədər çox sərnişin daşıya bilməsi, ən əsası isə, əməliyyat xərclərinin jumbo-cetlərlə müqayisədə xeyli az olması, dünyanın 2 nəhəng təyyarəsinin aqibətindən xəbər verən amillərdir. Airbus artıq keçən il sonuncu A380-nin 2021-ci ildə istehsal ediləcəyini açıqlamışdı.

Boeing hazırda 747-8 modellərini hər 2 ayda 1 ədəd olmaqla, istehsal edir. 747-nin 2010-cu ildə tanıdılan ən yeni modeli 747-8 bugünə qədər 153 ədəd sifariş alıb. Onlardan 47-si sərnişin üçün olan 747-8I (Intercontinental), 106 ədədi isə karqo üçün olan 747-8F (Freighter) tipli təyyarədir.

Şirkət sərnişin üçün nəzərdə tutulan bütün təyyarələri 2017-ci ildən təhvil verib. Karqo üçün nəzərdə tutulan 106 təyyarədən sadəcə 16 ədədinin istehsalı qalıb ki, bunlardan da 3-ü Volga-Dnepr Airlines, 13-ü isə UPS Airlines tərəfindən sifariş olunub. Ümumiyyətlə, son 2 ildə şirkətə bir ədəd olsun belə, yeni 747 sifarişi gəlməyib.

Qeyd edək ki, 2019-cu il üçün 747-8I modelinin qiyməti 418,8 milyon, 747-8F modelinin qiyməti isə 419,2 milyon dollar idi.