Alfa Romeo Stelvio və Giulia modelləri yeni Estrema versiyasına sahib olublar. Belə indeksə malik olan avtomobillər modifikasiya xəttinin zirvəsində yer alacaq və gündəlik Quadrifoglio modeli kimi mövqeləndiriləcəklər.

Məlum məsələdir ki, gündəlik istismar üçün izafi olan 510 at qüvvəsi və 600 Nm fırlanma anı Estrema versiyasına gərək deyil: yeni versiya üçün, müvafiq olaraq, 280 və 210 at qüvvəsi hasil edən dördsilindrli benzin və dizel turbomühərrikləri nəzərdə tutulub. “Ekstremal” sedan və krossoverlər adi modellərdən interyer tərtibatı, eksteryer dekoru və adaptiv asqısı ilə fərqlənirlər.

Bu ildən başlayaraq Alfa Romeo model xəttini yeni üsulla formalaşdıracaqdır. İki təchizat səviyyəsi təklif ediləcəkdir: Super və Ti. İdman atributlarını sevənlər üçün Sprint və Veloce dəstləri nəzərdə tutulub. Estrema isə iyerarxiyanın zirvəsində yerləşəcək, bütün bazarlarda satılacaq və gündəlik Quadrifoglio kimi mövqeləndiriləcəkdir.

Estrema versiyanın vizual atributları radiator barmaqlığı və yan güzgülərdəki görünən karbonplastikdir. Belə avtomobilləri həmçinin qanadlardakı tünd emblemlər, qara rəngli təkər diskləri (Giulia - 19, Stelvio - 21 düymlük) və əyləc supportları sayəsində tanımaq olar. Salonda da idman cizgiləri var - burada karbondan dekorativ örtmələr, qırmızı tikişləri olan alkantaradan oturacaq üzlükləri diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Giulia və Stelvio Estrema modellərini iki mühərriklə təklif edəcəklər: bunlar 280 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük”, habelə 210 at qüvvəsi və 470 Nm fırlanma anı təklif edən 2,2-litrlik turbodizeldir. Bütün avtomobillər 8-pilləli “avtomat” və Q4 tam ötürməsi ilə təchiz olunurlar. Bundan başqa, Estrema versiyasının təchizatına elektron idarəolunan amortizatorlar və özükilidlənən mexaniki differensial daxil edilib.

Alfa Romeo Giulia və Stelvio modellərinin yeni versiyalarının təqdimatı Alfa Romeo F1 Team ORLEN komandasının Hinvildəki (İsveçrə) mənzil-qərargahında  keçirilib. Yeni versiyaların Avropadakı satışlarına bu ilin aprel ayında başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.