Alfa Romeo Tonale krossoverinin debütündən sonra, italyan şirkətinin rəhbərliyi model cərgəsinin gələcək inkişaf planlarından danışıb. Tonale modelinin yeni versiyaları planlaşdırılmır: “bərkgedən” Quadrifoglio versiyası barədə müzakirələr aparılsa da, modelin taleyi barədə heç bir qərar qəbul edilməyib.

Bununla belə, daha yığcam Alfa Romeo Brennero modelinin debütü təsdiqlənib: yığcam krossover 2024-cü ildə debüt edəcək və italyan markasının ilk elektromobili olacaqdır. Eyni zamanda, Brennero modelinin daxili yanma mühərriki ilə hərəkətə gələn versiyası da buraxılacaqdır. Yeni model STLA Small platformasına əsaslanacaq, bir sözlə, Opel Mokka və Peugeot 2008 modellərinin ən yaxın qohumu olacaqdır. Alfa Romeo Brennero krossoveri Polşada Fiat 500X və Jeep Renegade (onlar da STLA Small platformasına keçəcəklər) ilə eyni konveyerdə yığılacaqdır.

2025-ci ildə debüt edəcək növbəti yeni avtomobil sırf elektrik ötürməsi ilə hərəkətə gələcəkdir. Bundan sonra, Alfa Romeo markasının bütün yeni modelləri yalnız batareyalı olacaqlar. Təəssüflər olsun ki, bu model barədə heç bir məlumat verilməyib. Şirkətin rəhbəri Jan-Filipp İmparato elektromobilin Amerika bazarı üçün tənzimlənəcəyinə, habelə minik avtomobili ilə krossover janrlarının kəsişməsində yerləşəcəyinə eyham vurub. Nəhayət, daha sonra Giulia və Stelvio modelləri nəsil dəyişdirəcəklər. Hər üç yeni model Stellantis konserninin STLA Large modul platformasında inşa ediləcəkdirlər. Bu platformada həm arxa, həm də tam ötürməli avtomobillər inşa oluna bilərlər. 2027-ci ildən etibarən Alfa Romeo tamamilə elektromobillərə keçməyi planlaşdırır.

Bundan əlavə, Jan-Filipp İmparato Duetto spayderi kimi keçmişin əfsanəvi Alfa Romeo modellərinin üslubunda dizayna malik olan idman avtomobillərini buraxmaq fikrindən əl çəkmir. Lakin İmparatonun  istəyi şirkətin maliyyə imkanları ilə birbaşa bağlıdır və onların yaxşılaşdırılması gərəkdir. Yeri gəlmişkən, bunun üçün artıq fundamental qərar qəbul olunub: Alfa Romeo qiymət səviyyəsi baxımından BMW ilə bərabərləşmək (əlbəttə ki, söhbət eyni seqmentin modellərdən gedir) niyyətindədir .

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.