Yenidən bərpa edilmiş Alpine markası özünün A110 sportkarının “bərkgedən” modifikasiyasını təqdim edib. Alpine 110S modelinin debütü bu həftəsonu keçirilən “Le Manının 24 saatı” yarışları çərçivəsində baş tutub.

Hazırda fransız markasının model xəttində yeganə 110 kupesi mövcuddur. Bildiyimiz kimi, sportkupe bir neçə variantda təklif edilir. Bunlar A110 Pure və A110 Legende versiyalardır. Apline A110 kupesi 252 at qüvvəsi və 320 Nm fırlanma anı olan 1,8-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı «yaş» muftaları olan  yeddi pilləli robotlaşdırılmış Getrag ötürmələr qutusu ilə birgə çalışır. 

“Bərkgedən” Alpine 110S modifikasiyasında isə mühərrikin gücü 292 at qüvvəsinə qədər artırılıb. Mühərrikin gücünün artmasına baxmayaraq, onun fırlanma anı əvvəlki səviyyədə qalıb. Lakin, yeniliklər gücləndirilmiş mühərrik ilə məhdudlaşmayıb. Avtomobilin klirensi 4 millimetra aşağı salınıb, yayların sərtliyi 50%, köndələn dayanıqlılıq stabilizatorlarınınkı isə 100% artırılıb.  

Alpine 110S kupesi 100 km/saat həddini 4,4 saniyəyə toplayır və 260 km/saatlıq maksimal sürət həddinə malikdir. Bu standart modeldə olduğundan 0,1 saniyə yeyin və 10 km/saat çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine 100S modeli standart olaraq Brembo əyləc mexanizmləri və xüsusi olaraq yeni modifikasiya üçün hazırlanmış Michelin Pilot Sport 4 şinləri ilə təchiz edilir. Vizual olaraq 110S modelini karbondplastikdən hazırlanmış kuzov elementləri və arxa dayaqlardakı narıncı rəngli bayraq sayəsində ayırd etmək olar. Bundan başqa, kupe xüsusi dizaynı olan tünd rəngli təkər diskləri və narıncı rəngli əyləc supportları ilə təchiz edilir. Əlavə ödənişlə karbondan hazırlanmış dam və kuzovun Gris Tonnerre tutqun boz rəngini sifariş etmək olar.

Apline 110S modelinin salonundakı seçilən elementlər narıncı rəngli tikişlər, karbon dekor, narıncı rəngli haşiyələr və modelin standart təchizatına daxil edilmiş Sabelt idman oturacaqlarıdır. Alpine 110S modelinin Avropadakı satışlarına payızda başlanacaqdır. “Qaynar” variant 66,5 min avrodan başlayan qiymətlərlə satılacaqdır. Yeni modifikasiya standart modeldən 10,7 min avro bahadır.