50 il bundan öncə Ceyms Bond rolunun ifaçısı Şon Konneri müvəqqəti olsa da, 007 haqqında çəkilən altıncı "On Her Majesty's Secret Service" ("Əlahəzrətin gizli xidmətində") filmində öz yerini Corc Lazenbiyə vermişdi. Lakin bu, filmdə baş verən yeganə dəyişiklik deyildi – 007-nin istifadə etdiyi avtomobil də yenilənmişdi. Bu gün kər kəsin “bondmobil” kimi tanıdığı Aston Martin DB5 də öz vəzifəsini 1969-cu ilin istehsalı olan Aston Martin DBS modelinə təhvil vermişdi.

Aston Martin şirkəti bu əlamətdar hadisəni qeyd etmək üçün Aston Martin DBS Superleggera modelinin   xüsusi versiyasını hazırlayıb. 50 nüsxədə buraxılacaq Aston Martin DBS Superleggera 007 On Her Majesty’s Secret Service seriyasından olan bütün avtomobillər 1969-cu ilin DBS modeli kimi Olive Green zeytun yaşılına boyanacaqdırlar. Bundan başqa, avtomobil klassik DBS modelinin radiator barmaqlığını xatırladan yeni barmaqlığa da sahib olacaqdır. Karbondan hazırlanmış elementlər, xüsusi təkər diskləri və yan qanaddakı "007 OHMSS" yazıları “cəsus” avtomobilini fərqləndirən cizgilərdir.

Məlum məsələdir ki, Aston Martin DBS Superleggera 007 OHMSS modelinin salonu da xüsusi tərtibata malik olacaqdır. Salon tərtibatında qara dəri və boz alkantaradan, qırmızı haşiyələrdən istifadə ediləcəkdir. Əlbəttə ki, qapı kandarlarında avtomobilin məhdud seriyaya aid olmasını göstərən xüsusi lövhəciklər də bərkidiləcəkdir.

Söhbət Bondun avtomobilindən gedirsə, 50 avtomobilin hər bir sahibi içkilər üçün hazırlanmış xüsusi qını da əldə etmiş olacaqdırlar. Bu qın avtomobilin baqaj bölümünə uyğun gəlməsi üçün xüsusi olaraq yaradılıbdır.  Avtomobilin gücünü nəzərə alsaq bu qında olan içkilərin silkələnsə də, qarışmayacaqlarını əminliklə söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil Texniki cəhətdən dəyişilməz qalıb. Aston Martin DBS Superleggera modeli 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz diapazonlu ZF avtomatik qutu ilə tandemdə çalışır. Superkar 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir və 342 km/saat maksimal sürət həddinə malikdir.