Audi şirkəti Q ailəsini daha bir model ilə genişləndirəcəkdir. Bu günlərdə paparazzilər güclü kamuflyaja bürünmüş maraqlı bir avtomobilə rast gəliblər. İlkin məlumata görə, bu gələn il rəsmi dilerlərin salonlarında peyda olacaq Audi Q4 kross-kupesidir.

Q4 modelini buraxmaq ideyası 2014-cü ildə Pekində keçirilən avtosalonda TT Offroad Concept konsepsiyasının nümayişi zamanı yarandı. Lakin, konseptdən fərqli olaraq, seriya variantı daha ənənəvi formalara sahib olacaqdır. Ehtimal edirik ki, bu Q3 modelinin kupeşəkilli forması və yaxud bayraqdar modeli olan Q8 modelinin kiçik «qardaşı» ola bilər.

Audi Q4 modeli də Q3 krossoveri kimi MQB modul platformasında inşa ediləcəkdir və müvafiq olaraq sonuncunun təchiz edildiyi texnologiyalara və mühərrik çeşidinə sahib olacaqdır.  Buna misal olaraq,  Q3 modelinin standart təchizatına daxil olan 10,25 düymlük virtual cihazlar panelini və multimedia sisteminin 9,2 düymlük sensorlu displeyini, çoxsaylı təhlükəsizlik sistemlərini, zolağa və kor zaonalara nəzarət funksiyasını , adaptiv kruiz-kontrol sistemini göstərmək  mümkündür.

Güc aqreqatalarına gəldikdə isə, Q4 modelinin standart olaraq 150 at qüvvəli 1,5-litrlik turbomühərriklə təchiz ediləcəyini söyləmək olar. Modelin mühərrik siyahısına 150 və 190 at qüvvəli təklif edən 2,0-litrlik benzin və dizel mühərriklərinin də daxil ediləcəyi şübhə doğurmur. Avtomobilin top variantı olacaq RS Q4 modelinin isə 395 at qüvvəli 2,5-litrlik turbomühərriklə təchiz ediləcəyi ehtimal olunur.

Bildiyimiz kimi, Audi Q3 və Q4 modellərinin inşa edildiyi MQB platforması qoşulan hibrid aqreqatlarının quraşdırılmasını da nəzərdə tutur. Lakin, məlum olduğu kimi, Q3 modelinin mühərrik çeşidində hibrid qurğu mövcud deyildir. Çox güman ki, Q4 modeli də ilkin zamanlarda hibrid modifikasiyasız təklif olunacaqdır.

Yeni Audi Q4 modelinin gələn ilin payızında keçiriləcək Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilir.

Mənbə: Auto Express