Audi Q3 krossoverinin Sportback versiyasına olan reaksiya, alman istehsalçısını bu sxemi Audi Q5 modeli üçün tətbiq etməyə sövq edib. Bu günlərdə casuslara rast gələn kamuflyajlı krossover buna dəlalət edir. Audi Q5 Sportback modelinin rəsmi təqdimatına hələ bir neçə ay var, və buna görə də, kamuflyaj örtüyü eksteryer detallarını gizlədir. Bununla belə, dam xətti və arxa dirəklərin əyilmə bucağı krossoverin dizaynı barədə müəyyən fikir yürütməyə imkan verir.

Məsələn, LED işıq texnikasını görmək mümkündür, üstəlik arxa işıq texnikası təkcə gövdədə deyil, həm də Audi Q5 modeli üçün xarakterik olan yerdə - arxa bamperdə quraşdırılmışdır. Yeni radiator barmaqlığı da aydın görünür, onun tərtibatı isə, qarşımızda məhz Sportback modifikasiyasının durduğundan xəbər verir. Salonda inqilabi dəyişiklikləri gözləmək lazım deyil: interyerdəki ən vacib yenilik, 10,1-düymlük ekranı olan yeni nəsil MMI mediasistemi olacaqdır.

Mühərrik çeşidinə gəldikdə isə, güc qurğularının hazırki krossoverdən dəyişilməz olaraq yeni modelə ötürüləcəyini gözləmək olar. İki il əvvəl, krossoverin mühərriklərini Euro 6d ekoloji standartına uyğunlaşdırmaq üçün yenidən nəzərdən keçirmişdilər. Bununla belə, mühərriklərin CO2 tullantılarını azaltmaq və səmərəliliyini artırmaq məqsədilə bir qədər modernləşdiriləcəklərini də gözləmək olar.

İlkin məlumatlara görə, ənənəvi Audi Q5 modeli ilə müqayisədə Sportback versiyası iki min avro baha olacaqdır. Yeni Audi Q5 Sportback modeli Mercedes-Benz GLC Coupe və BMW X4 kupe-krossoverləri ilə rəqabət aparacaqdır.