Audi şirkəti Şanxay və Frankfurt avtosalonları üçün iki konsept hazırlayacaq. Şanxayda nümayiş etdiriləcək konsept markanın elektrokarlarının 10 ildən sonra necə görünəcəklərini və firma dizayn üslubunun hansı istiqamətdə inkişaf etdiriləcəyini nümayiş etdirəcəkdir. İstehsalçının Frankfurtda nə göstərəcəyi hələ məlum deyil.

«Autocar» dərgisinin jurnalistləri ilə söhbətində Audi markasının baş dizayneri Mark Lixte Cenevrədə nümayiş etdirilmiş Q4 e-tron və e-tron GT konseptlərinin dizayn üslubunun üç ildən sonra seriyaya gedəcək modellərdə tətbiq ediləcəyini bildirib. Şanxay konsepti isə, əksinə, gələcəyin Audi modellərinin necə görünəcəyi barədə təsəvvür yaradacaqdır.

Şanxay konsepti seriya istehsalına 10 ildən sonra başlanacaq elektrokarların stilistik xüsusiyyətlərini nümayiş etdirəcəkdir. Məsələn, bu konseptdə dördüncü səviyyədən olan avtonom idarəetmə sisteminin tətbiqindən sonra interyer dizaynında hansı dəyişikliklərin olacağı göstəriləcəkdir. Belə avtomobillərdə sükan çarxının olmayacağı və ya onu ön panelin içinə yığışdırılacağı ehtimal olunur.