Uzun müddətdir ki, kamuflyajlı Audi Q7 prototiplərinə baxıb yenilənmiş krossoverdə hansı dəyişikliklərin olacağı barədə düşünürdük. Bu gün bizi düşündürən bütün suallara Audi şirkəti özü cavab verib. Qarşılayın - yenilənmiş Audi Q7!

Açığını desəm, ikinci nəslin dizaynı ilk gündən xoşuma gəlməmişdi. Krossoveri Cenevrə avtosalonunda görəndə şok yaşamışdım - Audi dizaynerlərindən belə zövqsüzlüyü gözləmirdim. Nəhayət, bu hadisədən 4 il keçdikdən sonra İnqolştadt markasının dizaynerləri ağıılarını başlarına toplayıb Audi Q7 modelinə normal bir görkəm verməyə müvəffəq olublar.

Bü gün təqdim edilən yenilənmiş Audi Q7 qarşımıza ona aqressiv görkəm bəxş edən S-Line tərtibatı səviyyəsində  çıxıb. Çox güman ki, məhz bu versiya azərbaycanlı alıcılar arasında populyar olacaqdır. Yenilənmiş krosssverin dizaynına gəldikdə isə, indi o daha çox bayraqdar krossover olan Q8 modelinə bənzəyir. Ön hissədə səkkizguşəli formaya və altı şaquli zolağa malik olan radiatir barmaqlığını, yeni HD Matrix lazer fənərləri (opsiya) və iri hava goroşləri olan ön bamperi görürük. Arxa tərəfdə isə, gümüşü zolaqla birləşdirilmiş yeni tərtibatlı arxa işıq texnikasını görmək olar.

Qeyd etmək lazımdır ki, yenilənmiş Q7 modeli də müasir Audi avtomobilləri kimi sahibini işıq alqışlamaları ilə qarşılamağı öyrənib.

Restaylinq keçmiş Audi Q7 krossoverinin salonuna nəzər saldıqda burada da flaqman modelinə xas olan cizgiləri görmək olar. Salonda sensorlu displeylərin hakim olduğunu söyləmək gərəkdir. Mərkəzi displey standart olaraq 8,8-düymlükdür, lakin Navigation Plus multimedia kompleksinin sifariş olunması halında displeyin ölçüsü 10,1-düymə qədər artır. Məlum məsələdir ki, bu halda cihazlar paneli də «virtuallaşır». Opsional olaraq proyeksiya displeyini də sifariş etmək olar.

Yenilənmiş Q7 sələfindən daha da «ağıllıdır». Modelin təchiz edildiyi MMI multimedia interfeysi artıq mərkəzi tonellədə quraşdırılan taçpadlı kontrollerə ehtiyac duymur - Navugation Plus sistemi səslə komandaları qəbul edir. Üstəlik, sistem özünü təkmilləşdirmək funksiyasına da sahibdir və müxtəlif onlayn-servisləri dəstəkləyir. Bir sıra Avropa şəhərlərində Audi Q7 ətraf infrastruktur ilə ünsiyyət qura bilir. Məsələn, sistem sürücüyə «yaşıl dalğada» hərəkət etmək üçün düzgün sürəti seçmək barədə məsləhətlər də verə bilər.

İnqolştadt təmsilçisi arxa cərgədəki yerin daha geniş olduğunu bildirir. Bundan başqa, arxa divan önə-arxaya hərəkət edir və onun kürək hissəsini tənzimləmək də olar. Əlbəttə ki, arxa qapının elektrik ötürməsi artıq standart təchizata daxildir. Opsional olaraq, qapını «təpiklə» açmaq üçün vericiləri də sifariş etmək olar.

Audi Q7 modeli bayraqdar Q8 krossoveri kimi «yumşaq» hibriddir. Yenilənmiş modelin mühərrik çeşidinə üç 3,0-litrlik V6 mühərriki daxildir. Yeganə benzin modifikasiyası olan Audi Q7 55 TFSI 340 at qüvvəli mühərriklə təchiz edilr. Digər iki modifikasiya isə dizellərdir: 231 at qüvvəli 45 TDI və 286 at qüvvəli 50 TDI. Bütün mühərriklər 48 voltluq şəbəkədən qidalanan startyor-generator ilə tandemdə çalışırlar. Əlavə litium-ion batareyası avtomobilin baqajında quraşdırılıb. Bu səbəbdən də baqaj həcmi 25 litr azalaraq 865 litrə bərabər olub. 

Startyor-generator sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.

Bundan başqa, startyor-generator elektrik kompressorunun və aktiv köndələn dayanıqlılıq stabilizatorlarının işini təmin edir. Aktiv stabilizatorlar ayrıca və arxa sükan mexanizmi ilə birlikdə sifariş edilə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəyişən dartma vektoruna malik olan aktiv differensial yalnız «bərkgedən» Audi SQ7 modelində quraşdırılır. SQ7 modeli də bu dəyişikliklərdən nəsibini alıb. «Bərkgedən» Audi SQ7 krossoveri  əvvəlki kimi 4,0-litrlik səkkiz silindirli dizel güc aqreqatı ilə hərəkətə gəlir. Bu mühərrikin hasilatı 435 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu və Torsen mərkəzi differensialı olan tam ötürməli çəkiş sistemi ilə birgə çalışır. «Bərkgedən» krossover 100 km/saat həddini 4,8 saniyəyə toplayır. SQ7 modelinin  maksimal sürəti 250 km/saat təşkil edir.

Çox güman ki, yenilənmiş Audi Q7 modelinin Azərbaycandakı satışlarına gələn il başlanacaqdır. Yeni krossoverin qiyməti satışlar  başlanmamışdan öncə elan ediləcəkdir.