European Car of the Year müsabiqəsinin münsiflər heyəti “Avropada ilin avtomobili” mükafatına namizədlərin geniş siyahısını açıqlayıb. Bu günə siyahıda 29 model var, lakin 8 yanvar 2021-ci il tarixində onların sayı yeddiyə qədər endiriləcəkdir. Qalib 1 mart 2021-ci il tarixində elan ediləcəkdir.

Müsabiqəyə qatılan avtomobillər bir sıra kriteriyalara cavab verməlidirlər: bu, ya yeni bir model, ya da artıq satışda olan, ya da ən azı beş Avropa ölkəsində 2020-ci ilin sonunadək satışa çıxarılacaq bir model olmalıdır. Geniş siyahıda Hyundai-Kia ittifaqının dörd modeli yer alır: bunlar Hyundai i10, i20 və Tucson, eləcə də Kia Sorento modelləridir. Mercedes-Benz markası da dörd avtomobil ilə təmsil olunur - GLA, GLB, GLS və S-Class.

BMW (4 Series və 2 Series Gran Coupe), Ford (Kuga və Explorer), Toyota (Yaris və Mirai), Seat (Cupra Formentor və Leon) və PSA (Peugeot 2008 və Citroen C4) şirkətləri də hər biri iki modeli ilə müsabiqəyə qoşulublar. Bundan əlavə, Dacia Sandero, Audi A3, Fiat 500, Honda Jazz, Skoda Octavia, Land Rover Defender və VW Golf modelləri də iddiaçılar arasındadır. Siyahıya elektromobillər də daxildir - Volkswagen ID.3, Polestar 2, Mazda MX-30 və Honda e.

2020-ci ilin mart ayında “Avropada ilin avtomobili” Peugeot 208 hetçbeki, bir il əvvəl isə Jaguar I-Pace elektrik krossoveri seçilib.