Bentley şirkəti Bentayga modelinin top modifikasiyası olan Speed modelini buraxacaqdır. Krossover 6,0-litrlik W12 mühərrikinin gücləndirilmiş versiyasını və yenidən tənzimlənmiş şassiyə malik olacaqdır. Bu ilin ilk yarısında debüt edəcək Bentayga Speed güc baxımından Lamborghini Urus modelinə rəqib olacaqdır.

"Autocar" nəşrinin məlumatına əsasən, təkmilləşdirilmiş benzin mühərriki 608 at qüvvəsinin əvəzinə 650 at qüvvəsi hasil edəcəkdir. Bundan başqa, avtomobilin şassisi və ötürmələr qutusu da təkmilləşdirməyə məruz qalacaqdır. Bu dəyişikliklər krossoverin 100 km/saat həddinə sürətlənməsi zamanını və maksimal sürət həddini yaxşılaşdırmalıdır. İlkin məlumata əsasən, Bentley Bentayga Speed 100 km/saat həddinə dörd saniyəyə sürətlənəcəkdir. Hazırda Bentley Bentayga 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir və 301 km/saat maksimal sürət həddinə malikdir.

Eyni zamanda, Bentley Bentayga Speed daha dəbdəbəli olacaq, onun eksteryer dekoru dəyişəcəkdir. Avtomobilin çəkisi azaldılmayacaqdır, dinamik xarakteristikalarının yaxşılaşdırılmasına isə, texniki hissənin yenilənməsi sayəsində nail olacaqdır.