Bentley şirkəti üçüncü nəsil Continental GT modelinin açıq kuzovlu modifikasiyası olan Continental GT Convertible kabrioletini təqdim edib. Xatırladaq ki, yeni nəsil Continental GT kupesi 2017-ci ildə keçirilən Frankfurt avtosalonunda debüt edib.

Beləliklə, Continental GT kupesinin debütündən bir il sonra, Bentley şirkəti onun kabriolet variantını təqdim edib. Bentley Continental GTC modeli, yumşaq tavan örtüyü istisna olmaqla, kupe ilə eyni dizayna, texniki hissəyə və avadanlıq siyahısına malikdir.

Tvid tavanlı Bentley Continental GT Convertible

Bentley Continental GT Convertible modelinin yumşaq tavanı avtomatik olaraq 19 saniyəyə açılıb-bağlanır. Özü də, bu prosesi həyata keçirmək üçün avtomobili dayandırmaq gərək deyildir - 50 km/saat həddinə qədər sürətlərdə tavanı açıb-bağlamaq mümkündür. Yeri gəlmişkən, Bentley şirkəti tavanı yeddi müxtəlif rəngdə təklif edir  ki, ilk dəfə olaraq, bu rənglərin arasında britaniya tvidinin müasir interpretasiyası olan çalar da vardır. 

Yumşaq tavanın yeni konstruksiyası salondakı səs-küy səviyyəsini əvvəlki modelə nisbətən 3 Db azaltmağa imkan verib. Bundan başqa, yeni kabrioletin kuzovunun sərtliyi də 5% artıb, çəkisi isə 20% azalıbdır. Yeni kabrioletin çəksi 2414 kiloqram təşkil edir. Müqayisə üçün, kupe 2244 kiloqramdır.

Kabrioletin qızdırılan oturacaqları "hava şərfi" sisteminin yeni variantı ilə təchiz edilir. Yeni sistem əvvəlkinə nisbətən daha effektivdir və daha sakit işləyir. Sistem elektronika ilə tənzimlənən oturacaq başlıqları zonasında isti hava axınının optimal şəkildə bölüşdürülməsini təmin edir. "Hava şərfinin" ən yadda qalan elementi isə, hava məşhur Bull Eye deflektorlarını xatırladan xromdan hazırlanmış deflektorudur.

Bundan başqa, Bentley Continental GTC modelinin təchizatına oturacaqların və sükan çarxının qızdırılması da daxildir. Daha bir yeni funksiya - qızdırılan dirsəkaltılar, - "hava şərfi" ilə birlidkə istənilən temperaturda yeni kabrioletlə səfəri daha rahat edəcəkdir.

Bentley Continantal GT Convertible 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Kabriolet 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da kupe ilə müqayisədə 0,1 saniyə yavaşdır. Continental GTC modelinin maksimal sürəti 333 km/saat təşkil edir.

GTC modelinin təchizatına 12,3-düymlük displeyə malik olan multimedia sistemi, gecə görüntü sistemi, 18 dinamiki və 2200 vat gücü olan Naim səs sistemi, həmçinin işıqdiodlarından matrisa fənərləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt