BMW şirkəti 2 Series Gran Coupe sedanını rəsmi olaraq təqdim edib. Mercedes-Benz CLA modeli ilə rəqabət aparacaq sedan 1 Series hetçbeki kimi öndənçəkişli FAAR platformasında inşa edilib. Yeni kupeşəkilli sedan eksteryer və interyer dizaynını da eyni platformada inşa edildiyi 1 Series hetçbekindən götürüb.

BMW 2 Series Gran Coupe modelinin uzunluğu 4526 mm, eni – 1800 mm, hündürlüyü – 1420 mm, təkər bazasının uzunluğu isə 2670 mm təşkil edir. Yeni model kupeşəkilli sedanlara xas olan haşiyəsiz qapılara malikdir. Sedanın baqaj bölümünün həcmi 430 litr təşkil edir ki, bu da 1 Series hetçbekində olduğundan 50 litr çoxdur.

Kupeşəkilli sedanın interyer dizaynı BMW 1 Series hetçbeki ilə bənzərdir. Avtomobillərin ön panelləri, mərkəzi tonnelləri və qapı panelləri ümumidir. 2 Series Gran Coupe rəqəmsal cihazlar panelinə, 10,25-düymlük ekranı olan və jestlərlə idarələnən multimedia sisteminə sahib olub. Bundan başqa, kupeşəkilli sedan altı rəngi olan fon işıqlandırması ilə təchiz edilir.

2 Series Gran Coupe modelinin baza versiyası 1 Series hetçbekində olduğundan daha zəngindir: arxa görüntü kamerası, LED işıq texnikası, idman sükan çarxı, elektriklə tənzimlənən ön oturacaqlar, kor zonalara və hərəkət zolağına nəzarət sistemi, öndən toqquşmaları xəbərdar edən sistem avtomobilin standart təchizatına daxil edilib. Opsional avadanlıq siyahısında səs komandaları ilə idarələnən “ağıllı” yardımçı da mövcuddur.

İlkin olaraq, yeni model Avropada üç versiyada təklif ediləcəkdir. BMW 218 i Gran Coupe modeli 140 at qüvvəsi (220 Nm) hasil edən 1,5-litrlik “turboüçlük”, 220d isə 190 at qüvvəsinə (400Nm) malik olan dördsilindrli dizel aqreqatı ilə təchiz olunacaqdır. Ən güclü versiya sayılan M235i xDrive isə 306 at qüvvəsi və 450 Nm fırlanma anı hazil edən 2,0-litrlik turbomühərrik və tam çəkiş sistemi ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Top versiya 8-pilləli “avtomat” və Torsen mexaniki differensialına malik olacaqdır. Bu model 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənəcəkdir. 235i xDrive modelinin təchizatına 18-düymlük təkər diskləri, təkmilləşdirilmiş asqı, sükan mexanizmi və daha məhsuldar əyləc mexanizmləri daxil edilib. ABŞ-da modelin 240 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilmiş 228i xDrive modifikasiyası da təklif ediləcəkdir.

Yeni modelin qiymətləri elan edilməyib. Avtomobilin qiyməti onun Los Anceles avtosalonundakı debütündən sonra elan ediləcəkdir. Modelin satışlarına 2020-ci ilin martında başlanmalıdır.