BMW şirkəti 2 Series Active Tourer və 2 Series Gran Tourer modellərindən imtina etmək qərarına gəlib. Bu kompaktvenlərin əvəzinə Bavariya istehsalçısı müştərilərinə krossoverlər təklif edəcəkdir.

Öndənçəkişli platformada inşa edilmiş və üçsilindrli mühərriklər ilə təchiz olunan  5-yerli 2 Series Active Tourer və 7-yerli 2 Series Gran Tourer modelləri alman markasının fəlsəfəsinə o qədər də uyğun deyillər. İş orasındadır ki, premium seqmentdə olan kompaktvenləri Münhen istehsalçısının başlıca rəqibi Mercedes-Benz də təklif edir. Lakin, son tendensiyalar belə avtomobillərə olan tələbatın azaldığını göstərir. Mercedes-Benz artıq B-Class kompaktveninin 7-yerli versiyasından GLB krossoverinin xeyrinə imtina edib.

BMW 2 Series Active Tourer

BMW şirkətinin məhsul xətti üzrə vitse-prezidenti Piter Henrik Active Tourer və Gran Tourer modellərinin növbəti nəsillərinin olmayacağını bildirib. Kompaktvenlərin keçən il yeniləndiklərini nəzərə alaraq, onların bundan sonra bir neçə il də satılacaqlarını təxmin etmək olar. Bəs münhünlilər minivenlərin əvəzinə nə təklif edəcəkdirlər?

Çox güman ki, alman istehsalçısı BMW X1 krossoverinin üçüncü nəslini müxtəlif modifikasiyalarda təklif edəcəkdirlər. Lakin, bu bir qədər vaxt tələb edəcəkdir. Yeni X1 modelinin debütü üçün ən azından iki il gözləmək gərəkdir. Xatırladaq ki, BMW X1 modelinin yenilənmiş versiyası bir ay bundan öncə təqdim edilib.