BMW şirkəti M5 Touring modelini yenidən canlandıra bilər. Bu barədə insayderlərə istinadən edən Bimmerpost xəbər verir. İndiki və əvvəlki nəsillərdə BMW M5 modeli yalnız sedan kuzovu təklif edilib, lakin 2000-ci illərdə bavariyalılar E61 indeksli M5 Touring universalını satdıqlarını xatırlatmaqda fayda var.

Nəşrin məlumatına görə, G90 kod indeksli M5 sedanının istehsalına 2024-cü ilin iyulunda başlanmalıdır. Sedandan sonra isə, həmin ilin noyabrında universal (G99) kuzovlu versiya konveyerə çıxmalıdır. “Bərkgedən” universal Audi RS6 Avant və Mercedes-AMG E 63 4Matic+ Estate modelləri ilə rəqabət aparmalıdır.

BMW M5 Touring universalının M5 CS sedanının 635 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən mühərrikindən daha məhsuldar olacaq 4,4-litrlik V8 (S68) tvin-turbo mühərrikinə əsaslanan hibrid güc aqreqatını alacağı barədə şayiələr dolaşır.

Daxili yanma mühərriki ilə tandemdə çalışacaq elektrik mühərrikinin gücü təxminən 200 at qüvvəsi olacaqdır: beləliklə, hibrid aqreqatın ümumi hasilatı 750 at qüvvəsi təşkil etməlidir. Eyni güc qurğusu ilk M-hibridində - XM krossoverinin ən güclü modifikasiyasında quraşdırılacaqdır.

Qeyd etmək gərəkdir ki, BMW M5 Touring modelinin yenidən canlandırılacağı barədə məlumat M3 Touring modelinin təqdimatından cəmi bir həftə sonra ortaya çıxıb. Sizcə bu sadəcə bir  təsadüfdürmü?

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.