Cari nəsil BMW 7 Series sedanı alman markasının tarixində V12 mühərriki ilə təchiz edilən son model olacaqdır. Bundan sonra BMW belə mühərrikləri istehsal etməyəcəkdir. Bu barədə Autoblog.com saytına müsahibə verən alman istehsalçısının yeni başçısı Markus Flaq bildirib.

Flaq rəsmi olaraq V12 mühərriklərinin alman markasının yeni modellərinə quraşdırılmayacağını bildirib. Bununla belə, marka başçısının sözləri BMW şirkətinin güc aqreqatları bölümünün rəhbəri Mixael Baerin sözlləri ilə ziddiyət təşkil edir. Baer V12 mühərrikini ən sərt ekoloji standartlara uyğunlaşdırmaq imkanının olduğunu bildirmişdi.

Hazırda V12 mühərriki yalnız BMW 7 Series bayraqdar sedanında quraşdırılır. Şayiələrə görə, nəsil dəyişikliyindən sonra flaqman 3,0-litrlik benzin və dizel mühərrikləri, həmçinin onların bazasında yaradılmış hibrid güc qurğuları ilə təchiz ediləcəkdir. 

Beləliklə, BMW M760i modeli 2023-cü ilə qədər buraxılacaqdır. Hazırda 600 at qüvvəli 6,6-litrlik V12 mühərriki BMW 7 Series ilə yanaşı Rolls-Royce Ghost modelinə də quraşdırılır.