BMW şirkəti ABŞ-dakı avtomobil satışları statistikası ilə manipulyasiya etməkdə şübhəli bilinir. The Wall Street Journal nəşrinin bildirdiyinə görə, ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyaaı (SEC) alman şirkətinin hesabatını şübhəli hesab edib. BMW şirkətinin günahı sübut olunarsa, onu çoxmilyonlu cərimələr gözləyir.

Amerikan maliyyə tənzimləyicisi BMW şirkətini satışların "yeridilməsi" taktikasında şübhəli bilib. Bavariya konserninin markanın dilerlərini ehtiyat  parkı üçün əlavə sayda avtomobil almağa məcbur etməsinə dair şübhələr peyda olub. Bu yolla, istehsalçı satılan avtomobillərin ümumi sayını artırmağa, hesabatı yaxşılaşdırmağa və sərmayədarlara daha cəlbedici bazar mənzərəsini təqdim etməyə nail ola bilər.

BMW şirkətinin satışları "yeritməsinin" əsas səbəbi kimi, amerikan premium seqmentində ili lider qismində  bitirmək arzusunun olduğu istisna edilmir. Bavariya şirkəti Daimler AG konserni ilə müqayisə olunan satış nəticələrini nümayiş etdirir və son dörd ildə ilk dəfə olaraq premium avtomobillərin satış statistikasına görə  təqvim ilini birinci yerdə bitirə bilər.

BMW markasının dilerləri anonimliyin qoruması şərti ilə Bavariya istehsalçısından şikayətləniblər. Onlar, test və əvəzedici avtomobillər parkının genişlənməsinin satış marjalarını düşürdüklərini bildiriblər. Ehtiyat parkında olan avtomobillərin satışı dilerlər üçün əlverişli deyil. Səbəb isə məlumdur – belə nəqliyyat vasitələrinin satışı zamanı endirimlər etmək gərəkdir.

The Wall Street Journal nəşrinə müsahibə verən şirkət nümayəndəsi istintaqın başlanması barədə məlumatlandırıldıqlarını və  ABŞ hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Bavariya şirkəti ilk dəfə deyil ki, belə ittihamlarla qarşılaşır. Üç il bundan əvvəl, BMW şirkətinin Şimali Amerika filialının rəhbəri istehsalçının onlara "ciddi təzyiq" göstərdiyindən və dilerləri satış rəqəmlərini  şişirtməyə məcbur etdiyindən şikayətlənmişdi.

Cari ilin sentyabr ayında amerikan komissiyası Fiat Chrysler Automobiles konsernini hesabatla manipulyasiya etdiyinə görə 40 milyon dollar cərimə edib. İstintaq, avtomobil istehsalçısının sərmayədarları yanıltmaq üçün dilerləri satış statistikasını saxlataşdırmağa məcbur etdiyini aşkarlayıb.

Mənbə: The Wall Street Journal