BMW şirkəti M bölməsinin 50 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinin kulminasiya nöqtəsinə çatıb. Yubiley ilində hardkor M4 CSL kupesinin, ilk M3 Touring universalının və yığcam M2 kupesinin təqdimatı keçirilib. Bu gün isə, yeni məhsulların paradını tamamlayan yenidən canlandırılmış 3.0 CSL kupesi debüt edib. Eksklüziv idman kupesi 1970-ci illərin əfsanəvi modelinə nəzər salınmaqla hazırlanıb və eyni adlı sələfi kimi, Bavariya markasının indiyə qədər istehsal etdiyi ən güclü altısilindrli mühərriklə təchiz edilib.

Şirkətdən müasir BMW 3.0 CSL modelinin "BMW M GmbH bölməsinin 50 illik yarış təcrübəsi zamanı əldə etdiyi ən yaxşı həlləri bir araya gətirmək üçün yaradıldığı" bildirilib. Ekstremal kupenin eksteryeri 2015-ci ilin 3.0 CSL Hommage konseptindən ilham alınaraq yaradılıb.

Konsept isə, öz növbəsində, orijinal 3.0 CSL modelinə istinaddır: burada əfsanəvi modelə xas olan ön ətəkdəki dairəvi hava girişlərini, iri təkər tağlarını, arxa spoyleri və antiqanadı görmək olar. Çəkini azaltmaq üçün, karbon lifindən kuzovun və şassinin demək olar ki, bütün elementlərində istifadə olunur, əksər detallar isə əl ilə hazırlanır.

Ağ Alpine White rənginə boyanmış kuzov mavi, bənövşəyi və qırmızı zolaqlarla bəzədilib – vaxtı ilə eyni livrayadan BMW 3.0 CSL modelində də istifadə olunub. Qapılar və damadakı “50” (BMW M bölməsinin yubileyinin simvolu) rəqəmi kimi, zolaqlar da əl ilə bir neçə mərhələdə çəkilirlər.

M4 CSL kupesindən götürülmüş lazer fənərlərindəki sarı vurğular keçmişin yarış avtomobillərinə ehtiramın əlamətidir. Keçən əsrin 70-ci illərinin üslubunda qızılı rəngə boyanmış təkər diskləri öndə 20, arxada isə 21 düymlük ölçüyə malikdirlər. Onlara yubileyin şərəfinə xüsusi olaraq hazırlanmış və “50” embleminə malik olan Michelin şinləri taxılıb.

Salonda da karbonplastikdən geniş istifadə olunub: kompozitə mərkəzi konsolda, qapı kartlarında, ön paneldə, sükan çarxında və qara alantara ilə üzlənmiş M Carbon yarış oturacaqlarında rast gəlmək olar. Digər eksklüziv detal – mexaniki ötürmələr qutusunun dəstəyinin ağ rəngli başlığıdır.

Yeni BMW 3.0 CSL kupesi indiyə qədər M yol avtomobillərində istifadə edilmiş ən güclü sıralı altısilindrli mühərriklə təchiz edilib. M TwinPower Turbo mühərriki 560 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edir. Mühərrik ənənəvi altı pilləli mexaniki transmissiya ilə birlikdə çalışır. Döngələrdə əyləcləmə zamanı, aşağı pilləyə keçməni asanlaşdırılmaq üçün, mexaniki transmissiyanı muftanın sürüşmədən bağlanmasını təmin edən köməkçi ilə təchiz ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa oxa, yol şəraitinə reaksiya verən və arxa təkərlərin hər biri üçün dartma qüvvəsini optimallaşdıran Sabitliyə Dinamik Nəzarət (DSC) sistemi olan aktiv M-differensialı quraşdırılıb. Kupe standart olaraq, qırmızı supportları (öndə 400, arxada isə 380 millimetrlik) olan karbon-keramik əyləc mexanizmləri və M-asqısı ilə təchiz edilir.

BMW 3.0 CSL kupesi 50 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır. Onların hər birinin salonunda seriya nömrəsi olan karbon lövhə quraşdırılacaqdır. Bütün tirajın istehsalına təxminən üç ay gərəkdir. Bununla belə, eksklüziv BMW kupesinin qiyməti hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.