BMW Concept XM konseptinin seriya versiyası alman bredi üçün ənənəvi olmayan adları alacaqdır. Belə bir xəbəri, heç bir mənbəyə istinad etməyən tematik BMW Blog resursu yayıb.Resursun iddia etdiyinə görə, “bərkgedən” krossoverin modifikasiya çeşidinə üç versiya daxil olacaqdır.

Baza modifikasiyası BMW XM Red Label adlanacaq, bir pillə yuxarıda XM Black Label versiyası yerləşəcək və nəhayət, modifikasiya çeşidinin zirvəsində indiki M-modellərinin ruhunda olan XM Competition versiyası qərarlaşacaqdır. Bununla belə, modifikasiyaların hər hansı bir xarakteristikası açıqlanmayıb.

Rəsmi olaraq, seriya krossoverinin 2022-ci ildə debüt edəcəyi təsdiqlənib. Dizayn və texniki cəhətdən seriya modelinin konsept avtomobilini təkrarlayacağı gözlənilir. Sonuncuya yalnız bir güc qurğusu, lakin alman istehsalçının tarixindəki ən güclüsü qismət olub: 4,4-litrlik benzin mühərriki və elektromotorun vəhdəti konsepti 750 at qüvvəsi və 1000 Nm fırlanma anı ilə təmin edir.

Bu hibrid şəbəkədən qidalana və söndürülmüş daxili yanma mühərriki ilə 80 kilometr (WLTP) məsafə qət edə bilər.

Qeyri-adi görkəmə və firma sürücü interfeysinin son versiyasına sahib olan krossover BMW M bölməsinin M1 kupesi zamanından bu günə qədər hazırladığı ilk müstəqil modelidir. Avtomobili bölmənin 50-illik yubileyinin bayram edildiyi ildə buraxacaqlar və o, yubiley ilində təqdim edilən yeganə yeni M modeli olmayacaqdır: rəsmi olaraq, 2022-ci ildə M2 və M4 CSL kupelərinin, habelə M3 Touring universalının debütü baş tutacaqdır.

Bundan başqa, şirkət, tarixi cəhətdən vacib rənglərə boyanmış və klassik BMW Motorsport emblemləri ilə bəzədilmiş yubiley seriyasından olan avtomobilləri hazırlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.