Hind mənşəli britaniyalı iş adamı Rubin Sinqh Rolls-Royce şirkətindən bir dəfəyə altı avtomobil alıb. Bunlar üç ədəd Phantom sedanı və üç ədəd Cullinan ofrouderidir. Xüsusi sifarişlər hazırlanmış kolleksiya qiymətli daşlara həsr edilib. Qeyd etmək lazımdır ki, Sinqhin mülkiyyətində bu lyuks markanın 15 avtomobili var.

Jewels Collection by Singh adlandırılan kolleksiyanın yaradılmasına ilham verən amillər yaqut, zümrüd və sapfir daşları olub. Kolleksiyada olan avtomobillər məhz bu daşlarla səciyyələndirilən rənglərə boyanıb. Rolls-Royce avtomobillərindən başqa, Sinqhin qarajında Bugatti Veyron, Porsche 918 Spyder, Pagani Huayra, Lamborghini Huracan və xüsusi sifarişlə yeganə nüsxədə buraxılmış Ferrari F12 Belinetta modeli var.

Rubin Sinqh Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin zamanında Rəqabət üzrə şura və kiçik biznesin məsələləri üzrə məsləhət qrupunda işləyib. Əvvəllər o britaniya hökumətində bir neçə dövlət vəzifəsini tutub.