Britaniyanın Charge Automotive şirkəti klassik Ford Mustang modelinin elektrik güc aqreqatı ilə təchiz edilmiş variantını buraxacaqdır. Məhdud sayda istehsal ediləcək elektromobil fastbək və kabriolet kuzovları ilə təklif ediləcəkdir. Cəmi 499 ədəd elektrokar buraxılacaqdır.

Elektromotor və güc elektronikasının çatdırılması Arrival firmasına həvalə edilibdir. Bu firma UPS (United Parcel Service) kuryer xidməti üçün elektrik furqonlarını hazırlayır. Güc qurğusunun maksimal gücü 300 kilovat və 1200 Nm təşkil edir. Elektromotorlar 64-kilovat-saatlıq batareyalardan qidalanacaqdırlar. Bu batareyaları 50 kilovatlıq yükləmə stansiyalarında doldurmaq olar.

Restomod 100 km/saat həddini 3,09 saniyəyə toplayır. Onun gediş ehtiyatı 200 kilometrdir. Avtomobil klirensi tənzimləmək imkanı verən asqıya, üç rejimli idarəetmə elektronikasına və qoşulan tam çəkiş sisteminə malikdir. Elektrokarın sistemləri ön paneldə quraşdırılmış xüsusi displey vasitəsi ilə idarə olunur.

Elektrik Mustang modelini sifariş etmək üçün beş min funt-sterlinq beh vermək gərəkdir. Elektromobilin başlanğıc qiyməti 200 min funt-sterlinq təşkil edir. İlk nüsxələr sahiblərinə gələn ilin sentyabrında çatdırılacaqdırlar.