Cadllac şirkəti yaxın zamanlarda V-seriyasından olan yüksək məhsuldarlıqlı avtomobillər ailəsini genişləndirmək fikrində deyil. Bunu ekstremal Blackwing modellərinə də şamil etmək olar. Hazırda “qara qanadlı” xəttdə yalnız iki supersedan var və insayderlərin bildirdiyinə görə, Cadillac bu xəttə kupe, kabriolet və universal kuzovlu modelləri daxil etməyi planlaşdırmır. Buna baxmayaraq, Cadillac Escalade ofrouderinin “bərkgedən” versiyası hazırlanacaqdır.

General Motors konserninin daxilindəki mənbələrinə istinad edən Muscle Cars and Trucks nəşri, Cadllac markasının Blackwing xəttini genişləndirmək fikrinin olmadığını bildirib. Əsas səbəb isə, kupe və kabrioletlərə olan tələbatın azalmasıdır. Yəni, amerikan markası perspektivi olmayan modellərə sərmayə qoymaq fikrindən uzaqdır. Üstəlik, GM konserni Cadillac markasını elektrikli nəqliyyat vasitələri seqmentində lider markalardan biri kimi görmək istəyir, lakin bunun üçün ciddi investisiyalar tələb olunur.

“Bərkgedən” modellərin yaradılmasına sərmayə qoyulması heç də sərfəli deyil və buna görə də, CT4-V Blackwing və CT5-V Blackwing həyat dövrünün sonuna qədər ən ekstremal Cadillac avtomobilləri olaraq qalacaqlar.

Bununla belə, çoxsaylı casus şəkilləri Cadillac markasının Escalade ofrouderinin “bərkgedən” versiyasını hazırladığından xəbər verir. “Bərkgedən” ofrouder 660 at qüvvəsi hasil edən 6,2-litrlik kompressorlu V8 mühərrikini almalıdır. Jeep Grand Cherokee Trackhawk və Dodge Durango SRT Hellcat modellərinin satış həcmləri GM marketoloqlarını bu seqmentə müdaxilə etməyə vadar edir. Texniki cəhətdən belə ofrouderi yaratmaq üçün heç bir manəe yoxdur - GMT T1XX arxitekturası daha güclü mühərrikdən istifadə etməyə imkan verir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.