Cadillac şirkəti qarşıdan gələn Çikaqo avtosalonunda XT5 krossoverinin «idman» versiyasını təqdim edəcəkdir. Xatırladaq ki, bu günə qədər Sport indeksinin yalnız XT4 və XT6 krossoverləri daşıyırdı. Lakin, deyəsən amerikan istehsalçısı XT5 Sport modelinin hazırlanmasında bir qədər tələskənmiyə yol verib.

Səbəb? Cadillac XT6 Sport modelindən fərqli olaraq XT5 Sport nə yenidən tənizmlənmiş şassi, nə də daha iti sükan mexanizminə sahibdir. Bunun əvəzinə krossover yalnız qara dekora sahib olub. Cadillac XT5 Sport qara rəngli radiator barmaqlığı, arxa fənərlərin şəffaf tərtibatı, kandar və pedallardakı əlavələr və salonun xüsusi tərtibatı ilə öyünə bilər. Bundan başqa, krossover 20-düymlük təkər diskləri və işıqdiodlarından fənərlər ilə təchiz edilir. Güc aqreqatı 314 at qüvvəsi hasil edən 3,6-litrlik V6 mühərrikidir. 

Əslində bu vəziyyət anlaşılandır, çünki bir neçə aydan sonra krossoverin yenilənmiş variantı işıq üzü görməlidir. Çox güman ki, təkmilləşdirilmiş şassi və yeni ötürmələr qutusunu yenilənmiş XT5 Sport üçün saxlayıblar. Cari Cadillac XT5 Sport isə 51500 dollardan başlayan qiymətlərlə bir neçə aydan sonra satılmağa başlayacaqdır.