Citroen şirkəti dizaynında sedan, liftbek və krossover cizgilərini cəmləşdirən yeni C5 X fastbəkini təqdim edib. Fransız markasının korporativ üslubunda hazırlanan yeni model benzin mühərriki ilə yanaşı şəbəkədən doldurulan hibrid güc qurğusu ilə də təchiz ediləcəkdir.

Yeni Citroen C5 X modelinin qabarit uzunluğu 4805 millimetr, eni - 1865 millimetr, hündürlüyü isə 1485 millimetrdir. Fastbək yüksək bel xəttinə və uzun kapota malik olan kuzov formasını alıb. Bundan əlavə, avtomobil V-şəkilli ön və arxa fənərlərə sahibdir. C5 X modelinin baqaj bölməsi universal kuzovlu modellərin baqaj bölmələri ilə müqayisə edilə bilər - arxa cərgəni qatlayaraq 545 litrlik bölməni 1640 litrə qədər artırmaq olar.

Yeni Citroen C5 X modeli, demək olar ki, yol səthindəki bütün çıxıntıları neytrallaşdıran və üç iş rejiminə malik olan Citroën Advanced Comfort asqısı ilə təchiz edilir. Fastbəkin texnologiyalar siyahısına avtomobilin sürətini, telefon danışıqlarının detallarını və naviqasiya sistemindən gələn məlumatları göstərən genişləndirilmiş proyeksiya ekranı daxildir. Bundan əlavə, C5 X modeli smartfonların simsiz doldurulması meydançası, habelə planşetlərdə olduğu kimi səslə idarəetməni və vidjetlərin fərdiləşdirilməsi funksiyasını dəstəkləyən məlumat-əyləncə sisteminin 12 düymlük ekranı ilə təchiz edilir.

Citroen C5 X modelinin təhlükəsizlik texnologiyaları arasında sürücünü nəqliyyat vasitəsinin sürətinə və hərəkət trayektoriyasına nəzarət etmək məcburiyyətindən azad edən, Stop & Go funksiyası olan adaptiv kruiz-kontrolu və zolaqda saxlama sistemini özündə birləşdirən ikinci səviyyəli yarıavtonom idarəetmə sistemi də var. Bundan başqa, fastbək kor zonalara uzunmənzilli nəzarət sistemini, arxaya hərəkət zamanı toqquşmaların qarşısını alan sistemi, habelə Top 360 Vision dairəvi görünütü sistemini əldə edib.

Citroen C5 X modeli benzin mühərriki və hibrid güc qurğusu ilə təchiz edilən iki versiyada təklif olunacaqdır. Qoşulan hibridin gücü 225 at qüvvəsi təşkil edir. Fastbək elektrik ötürməsi ilə 135 km/saata qədər sürətlənir və 50 kilometrlik yürüş ehtiyatına malikdir. Beləliklə, yeni C5 X modelinin sahibləri şəhər mühitində daxili yanma mühərrikindən istifadədən imtina edərək, batareyanı evdə, iş yerində və ya ümumi terminallarda doldura biləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Citroen C5 X modelinin hər iki versiyası 2021-ci ilin ikinci yarısında Avropadakı dilerlərə çatdırılacaqdır. Şirkət, yeni modelin qiymətini satışların başlanmasına yaxın açıqlayacaqdır.